Əliyevlərin BMT şousu
O bir şou idi – Əliyevlərin BMT şousu. İndiyədək Əliyevlərdən görmədiyimiz bir şou idi o. 24 illik hakimiyətləri boyunca (ikinci hakimiyətləri) onlardan çox şoular görmüşdük, ancaq, beləsi olmamışdı. Başqaları Azərbaycan çapında, bu isə dünya çapında şou idi. Onlar bunu da bacardılar. Bacardılar, özü də BMT düzəyində. Azərbaycan gerçəkdən olduqca varlı ölkə imiş. Bizim düşündüyümüzdən də qat-qat varlı, bahalı ölkə. Azərbaycanı dünya bazarına çıxarmaqla dünyanı satın almaq olarmış – Əliyevlərin etdiyi – bacardığı kimi!
Bir sıra satılmış, bir sıra satılmağa aday jurnalistlər (İ.Əliyev ikinci binanın sunucunda dedi, axı: “jurnalistlər üçün üçüncü binanın tikilməsinə göstəriş vermişəm”) başqalarını görün nədə qınayırlar: İ.Əliyevin BMT tribunasından Xocalı soyqırımı ilə bağlı çıxışını deyil, qızı Leylanın gülə-gülə onun şəklini çəkməyini söz qonusu etməkdə. Yaltaqlanırlar – gerçəyi bilə-bilə! Birincisi, İ.Əliyev Xocalı soyqırımından danışarkən qızının o sayaq davranışda bulunmağı (gülə-gülə, yerinə düşməyən mimikalar sərgiləməklə!) yolverilməz idi. Gerçəkçi, satılmayan jurnalistlər belə yerinə düşməyən açıq-saçıq davranışı əliyevçi jurnalistlər kimi gözdən qaçırmağa görəvli deyildilər. Bu üzdən də onlar ona göz yuma bilməzdilər. İkincisi, nə üçün Əliyevlər BMT yığıncağına ailəvi qatılmalıdırlar? Bu hüququ onlara kim verib? Başqa bir yandan Azərbaycanın BMT-də “daimi nümayəndəsi” nədən ötrüdür? Nə üçün o adama Azərbaycanın dövlət büdcəsindən yüksək aylıq ödənir?
Başqaları başqa cür düşünə bilər – bu onların öz işləridir – mən Əliyevlərin BMT yığıncağına ailəliklə qatılmalarını Ulusum, Ölkəm, Dövlətim adına aşağılama – təhqir sayıram. Elə bil Azərbaycan min illərin böyük dövlətçilik ölkəsi deyil; elə bil Azərbaycan qırılıb-batıb; elə bil Azərbaycanda bir ailədən – Əliyevlər ailəsindən başqa dövlət üçün, dövlətçilik üçün yararlı kimsə yoxdur: buna görə bir ailədən üç prezident düzəldib, BMT-yə – dünyanın qarşısına çıxarırlar: baxın, Azərbaycanın olanı, dünya üzünə çıxara biləcəyi bu üç Əliyevdir (hələlik üç, az sonra daha ikisi ola bilər). Belə dövlət, belə dövlətçilik olumur!
Xaliq Bahadır