Vəkili Tofiq Həsənli ilə görüşüb
‘‘Ürək nahiyəsində və onun ətrafında kəskin ağrılardan əziyyət çəkir”
Sentyabrın 22-də vəkil Elçin Sadıqov 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan satirik şair Tofiq Həsənli ilə görüşüb.
Məlumatı Elçin Sadıqov yayıb. O, Tofiq Həsənlinin səhhətindəki problemlərin qaldığını deyir:
“Dəfələrlə müraciət etmişik. Ancaq onu nə müayinə, nə də müalicə edirlər. Ürək nahiyəsində və onun ətrafında kəskin ağrılardan əziyyət çəkir. Əlləri və ayaqları tez-tez qıc olur, üşüyür”.
Vəkil Tofiq Həsənlinin mənəvi cəhətdən möhkəm olduğunu da söyləyir:
“Hamıya salamını çatdırmağımı xahiş etdi”.
Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apelyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.
T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.
2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.
T.Həsənli “Facebook” və “Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında O, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan “Azərbaycan saatı” proqramında tənqidi şerləri oxunurdu.