“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi
Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib. Həmin küçə “2 aprel” adlandırılıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama verməkdən imtina edib. Bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər.
BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə məsələdən xəbərsiz olduğunu deyib və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə böyük etiraza səbəb olmuşdu.
Xatırladaq ki, bir müddət öncə də Bakının mərkəzində – “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bağlanıb. İstiPress-in məlumatına görə, əraziyə polis qüvvələri, icra hakimiyyətinin işçiləri gələrək kafenin sökülməsi əmrini veriblər. Qısa zamanda kafenin adını bildirən “26” – “Twenty six” lövhəsi sökülüb. Kafenin bağlanması birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun müşayəti ilə həyata keçirilib.
Sakinlər deyir ki, 26 ildir ki, ölkəmiz müstəqil olmasına baxmayaraq niyəsə küçənin adı elə sovet dövründəki adında qalıb. Ümumiyyətlə küçənin əksəriyyəti ermənilərdən ibarət bir kammunanın adı ilə tanınması onları narahat edib. Elə buna görə də aidiyyatı qurumlara adın dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət ediblər.