Siyasət

ATV-də “təmizləmə”; icazəsiz tənqidə görə kanalı alt-üst etdilər

Turan İbrahimovun verilişi qapadıldı, rəhbərlik dəyişdi, əməkdaşlar kütləvi işdən çıxarılır…
Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən “ATV Səhər” proqramı sentyabrın 26-da yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi “İlqarla bir gün” verilişi gedib.
Məlum olub ki, “ATV Səhər” proqramı fəaliyyətini yenidən dayandırıb. Bunun səbəbi isə aparıcısı Turan İbrahimovun tənqidin sərhədlərini aşması olub.
T.İbrahimovun icazə verilməyən tərzdə tənqidi fikirlər səsləndirməsi təkcə onu telekanaldan kənara atmayıb, həm də kanalın özündə əməlli-başlı fırtına qoparıb. Dərhal təsisçinin telekanal rəhbərliyini dəyişdiyi xəbəri yayılıb. Belə ki, Vüqar Qaradağlı işdən alınaraq, yerinə Azər Xəlilov təyin edilib. MRTŞ sədri Nuşirəvan Məhərrəmli onu kollektivə təqdim edib. A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
Az sonra başqa xəbər də yayılıb ki, vitse-prezidenti Rauf Dadaşov da vəzifəsindən ayrılıb. Ümumiyyətlə, ATV-də kütləvi təmizləmənin başladığı deyilir. Bəzi məlumatlara görə, kanalın 32 əməkdaşı işdən çıxarılıb.

Telekanalın yeni prezidenti A.Xəlilov əməkdaşların kütləvi şəkildə işdən çıxarılması barədə məlumatlarla bağlı APA-ya açıqlama verərək deyib ki, belə bir qərar verilməyib, lakin kimsə işdən getmək istəyirsə, öz işidir: “Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

A.Xəlilov T.İbrahimovun aparıcısı olduğu “ATV Səhər” verilişinin yayımı dayandırıldığını təsdiqləyib: “Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu “Yoxlama” verilişi də qapadılıb. Əlbəttə, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.

azadliq.info
Daha çox göstər
Back to top button