Beynəlxalq

Azərbaycanın 84 milyonluq korrupsiyasını İsveç və Kanada birgə araşdırır

Kanada Bombardier şirkətinə dair korrupsiya istintaqında İsveçə kömək edir

Kanada hökuməti Bombardier şirkətinin Azərbaycana dəmir yolu avadanlıqları satışına dair 340 mln. dollarlıq müqaviləsi üzrə korrupsiya təhqiqatında İsveçlə əməkdaşlıq etməyə başlayıb.

İsveçin Milli Anti-Korrupsiya İdarəsi artıq Bombardier şirkətinin Stokholm şəhərində çalışan işçisi Yevgeni Pavlova “ağırlaşdırılmış rüşvət” ittihamı ilə cinayət işi açıb. O, Azərbaycanın dəmir yolu xəttində qatar siqnalizasiya texnologiyalarının quraşdırılması üzrə kontraktın bağlanmasında Azərbaycan rəsmiləri ilə sözləşməkdə günahlandırılır.

İsveç polisi 2013-cü ildə bağlanan müqavilənin təhqiqatı çərçivəsində beynəlxalq müqavilələrə və ofislərə sahib, mərkəzi Montrealda yerləşən Bombardier şirkətinin daxili işlərini dərininə araşdırır. İsveç prokurorluğu Pavlovla yanaşı şirkətin İsveç filialının daha 5 əməkdaşının istintaq altında olduğunu bildirib. Azərbaycandakı proyektin 85%-ni maliyyələşdirən Dünya Bankının dələduzluqla mübarizə şöbəsinin hesabatında iş üzrə Bombardierin Moskva şöbəsinin rəhbərinin də adı çəkilir.

Mənbəyə görə İsveç Milli Anti-Korrupsiya İdarəsinin axtardığı əsas sübutlardan biri istintaq başladıqdan az sonra Stokholmdan Kanadaya göndərilən laptopdur.

Korrupsiya istintaqında əsas nəzər nöqtəsi Azərbaycanla müqavilədə üçüncü tərəf kimi iştirak edən və Bombardierin 120-dən çox sazişinə daxil edilən “Multiserv Overseas Ltd.”ofşor şirkətidir. “The Globe and Mail investigation” keçən il üzə çıxarıb ki, şirkətin rəhbərliyi və strukturu tez-tez dəyişir.

Şirkətin Londonda e-poçt adresi var, rəhbəri Kiprdə yaşayır və Seyşel, Panama, Belizdə yerləşən ofşor şirkətlərin daxil olduğu tez-tez dəyişilən idarəetmə strukturu var. Bombardier şirkəti Multiserv Overseas Ltd.”-nin hüquqi sahibinin kim olduğuna dair sualları cavablandırmaqdan imtina edib. Amma İsveç məhkəməsinə təqdim olunan sübutlara əsasən şirkət Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninə yaxınlığı ilə bilinən iki Rusiya biznesmeni tərəfindən idarə edilir.

Multiserv Overseas Ltd.” 2013-cü ildəki proyekt üzrə Bombardierin rəsmi tender təklifində podratçı kimi qeydə alınmayıb. Baxmayaraq ki, Dünya Bankının tələblərinə əsasən müvafiq şirkət birlikdə işləmək niyyətində olduğu bütün subpodratçıların adını tender təklifində qeyd etməlidir. Multiserv Overseas Ltd.” müqaviləyə “Bombardier Transportation” İsveç ilə onun yerli partnyoru Trans-Siqnal-Rabitə arasında vasitəçi kimi daxil edilib.

340 mln. dollarlıq müqavilədə Multiserv Overseas Ltd.” Bombardierdən 20 mln. dollara aldığı qatar siqnalizasiya texnologiyalarını Trans-Siqnal-Rabitəyə 104 mln. dollara satmaqla 84 mln. dollar mənfəət əldə edib.

İsveç polisi keçən payızda Bombardierin Stokholm ofisində reyd keçirərək telefonlara dinləyici yerləşdirib. Polis 6 ay boyunca Bombardierin Stokholm, Montreal, Moskva və Berlin ofisinin rəhbərliyinin danışıqlarını dinləyib.

Bu həftə İsveç prokurorluğu məhkəmədən xahiş edib ki, Yevgeni Pavlov Azərbaycan rəsmiləri ilə qanunsuz sözləşərək 2013-cü il tenderini udmaqda günahkar bilərək 5 il həbs cəzasına məhkum edilsin.

azadliq.info

Daha çox göstər
Back to top button