Ekonomika

Azərbaycan idxaldan göründüyündən çox asılıdır

«Exo» qəzetində «Azərbaycan idxaldan göründüyündən çox asılıdır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif mövzunu ekspertlərlə təhlil edib. Yazıda oxuyuruq:

«Azərbaycan bu gün də idxaldan asılı olan ölkə kimi qalmaqdadır. Əlavə olaraq, Azərbaycan bazarında xarici məhsulların payı artmaqda davam edir. Baxmayaraq ki, devalvasiyadan sonra hökumət idxaldan asılılığı azaltmaq istiqaməti götürdü, amma bəzi sahələrdə durum daha da pisləşdi. Məsələn keçən il ilə müqayisədə bu il ölkəyə ət idxalı kəskin artıb».

Ekspertlər bunun səbəbi kimi yerli istehsalın tələbatı ödəyə bilməməsini göstərirlər.

Yazıda vurğulanır ki, bir çox məhsullar Azərbaycan malı kimi təqdim edilir. Amma onlar sadəcə Azərbaycanda qablaşdırılır. Ekspertlər buna sübut kimi «Azərbaycan çayı» adı ilə satılan bəzi məhsulları göstərirlər.

Yazıda bildirilir ki, analoji hadisələr şəkər və şəkər tozu sahəsində də baş verir.

Ekspertlər deyiblər ki, yerli məhsullar bazarın heç 50 faizini tutmur:

«Baxmayaraq ki, rəsmi olaraq yerli məhsullarla təmin olunma 70 faiz göstərilir. Elə sahələr var ki, yerli bazar tam idxaldan asılıdır. Məsələn, elektrotexnika, geyim. Ölkə bazarında qida məhsullarının isə 50 faizi idxal məhsullarıdır…».

Yazıda vurğulanır ki, ölkədə idxaldan asılılıq artıq Dövlət Statistika Komitəsinin məlumatlarında da öz əksini tapmaqdadır.

Ekspertlər deyiblər ki, hökumətin idxaldan asılılığı aradan qaldırmaq cəhdləri bir nəticə verməyib. Onların fikrincə, bu, hələ uzun müddət dəyişməz qalacaq.

Müəllif xatırladıb ki, 2015-ci il ilə müqayisədə ötən il qida məhsullarının idxalı 35 faiz artıb.

Mənbə-AzadlıqRadiosu

Daha çox göstər
Back to top button