Təhlil

Azərbaycanı istehza hədəfi olan ölkəyə çeviriblər

“Bir neçə gündür ölkəmizdə irili-xırdalı nə qədər tutuquşu varsa, hamısının dayanmadan təkrar etdiyi bir cümlə var: “Ölkəmizin artan nüfuzu…”
Demə bu artan nüfuz kimləri isə paxıllıqdan partladırmış. Kimləri? Əlbəttə qərbi. Hədəf dəyişməyib. Nişangahda yenə sivil dünyadır. Azərbaycan rejiminin bulaşdığı korrupsiya, həyata keçirdiyi talançılıq, bespredel, insan haqlarının Afrika cəngəlliklərindən betər vəziyyətinə görə ABŞ və Avropa Birliyinin məmurlarımıza sanksiyalar tətbiqinə hazırlaşdığı üçün.
Birdən-birə özümün özümə şübhəm yarandı ki, bəlkə mən dilimizi yaxşı bilmirəm, nüfuz sözünün mənasını yaxşı anlamıram. Lüğətə baxdım, iki məna tapdım:
Birincisi, hörmət, etibar. Yəni kiminsə yanında hörmətli, etibarlı olmaq, sözü keçmək.
İkincisi, təsir etmə, içəriyə işləmə.
Əminəm ki, bu zurnaçılar ölkəmizin nüfuzu deyəndə bu sözün ikinci mənasını nəzərdə tutmayıblar, çünki ölkənin nəyə isə təsir etmək qabiliyyətinin göstəricisi onun 20% itirilmiş torpaqlarıdır. Hələ onu demirəm ki, rüşvət, otkat müqabilində Rusiyadan aldıqları sınıq-salxaq silah, texnika qalan 80%-i qorumaq qabiliyyətimizi zərbə altında qoyur.
Bəlkə ölkəmizin nüfuzu deyəndə bizim dünya ölkələri içində hörmətimizi, etibarımızı nəzərdə tuturlar?
Dünyada hörmətin, nüfuzun mərkəzi sivil dünya, ABŞ, Avropa Birliyi ölkələridir ki, onlar da sizə sanksiya tətbiq etməyə hazırlaşırlar. Onların yanında hansı nüfuzdan danışmaq olar? Heç allahın Keniyası sizə hörmət etmir, keçirdiyiniz seçkini məsxərəyə qoyur.
Kim bunlara etibar edər ki, öz xalqının 200 milyardını talan ediblər. Hansının ki, 2,9 milyardını əllərində tutdular və göstərdilər ki, qalanların da yerini qəpiyinə qədər bilirlər.
Bunlar bizim qürur yerimiz olan vətənimizi dünyanın ən hörmətsiz, etibarsız, nüfuzsuz, istehza hədəfi olan, məsxərəyə qoyulan ölkəsinə çeviriblər. Qəsdən. Düşmənçiliklə.
Bunlara yox deməyi bacarmaq üçün toparlanmalıyıq. İndiki şəraitdə isə toparlanmağın yolu dinc aksiyalardan, mitinqlərdən keçir. Yadınıza salıram ki, növbəti belə aksiya 7 oktyabr saat 15.00-da “Məhsul” stadionunda keçiriləcək”.

Rafiq Manaflı

Daha çox göstər
Back to top button