Ekonomika

Azərbaycanda daha az pambıq istehsal olunacaq

Vahid Məhərrəmov: “Yağışlardan sonra yığılan pambığın keyfiyyəti aşağı düşəcək”

Üç gündür respublikanın paytaxtı da daxil olmaqla əksər rayonlarda yağış yağır. Hava şəraitinin intensiv yağmurlu keçməsi infrastruktur, kommunal problemləri üzə çıxarmaqla bərabər kənd təsərrüfatında da durumun ağırlaşdırır. Yağmurlu havanın xüsusən pambıq yığımına mənfi təsiri şübhəsizdir.

Meydan TV-nin bu barədə sorğusunu cavablandıran aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov da havaların davamlı olaraq yağışlı keçməsinin pambıq yığımına birbaşa təsiri olduğunu hesab edir.

“Pambıq nəm olanda yığmaq mümkün deyil, yığılsa da, gərək dərhal qurudulsun. Əks təqdirdə, pambığın keyfiyyətinə birbaşa təsir edəcək”, – V.Məhərəmov deyib.

O, yağışların davam etməsinin pambıq yığımını bir müddət gecikdirəcəyini bildirib:

“Bundan sonra yığılan pambığın keyfiyyəti aşağı düşəcək. Onsuz da Azərbaycanın istehsal etdiyi məhsulun keyfiyyəti aşağı idi. Keyfiyyət səbəbindən Azərbaycanın ixrac etdiyi pambığın qiyməti digər ölkələrin ixrac etdiyi pambıqdan 25 faizə qədər ucuzdur. Keçən il aparılan müşahidələr yağışdan sonra yığılan pambığın çiyidinin yararsız hala düşdüyünü göstərdi. Hazırda rəsmi məlumatlara görə 136 min hektardan cəmi 50 min ton pambıq yığılıb ki, bu, hər hektardan 367 kiloqram edir. Deməli, 2016-ci ildən fərqli olaraq bu il daha az məhsul istehsal olunacaq. Rəsmi statiskanın məlumatında deyilir ki, ötən il hər hektardan 17,3 sentner məhsul əldə olunub. Bu il gözləntilər bunun yarısı qədərdir”.

Ekspert deyir ki, yığımın az olmasını yalnız hava şəraiti ilə əlaqələndirmək olmaz. O bildirib ki, zamanında pambıq suvarılmadı, aqrotexniki qaydalara əməl olunmadı, səpində toxum çıxış vermədi, təkrar səpin oldu, üçüncü səpindən sonra çıxış əldə olundu, nəticədə vaxt itirildi.

“Bununla da pambıqçılığın fermerlər üçün maraqlı olmadığını düşünmək olar. Çünki hökumətin pambıq sahəsinə belə müdaxiləsi fermerləri də həvəsdən saldı. Əvvəllər fernerlər özləri qərar qəbul edib, vaxtında əkin, səpin işləri aparırdılar. İşlərini növbəli əkin sisteminə uyğun qurmuşdular və yaxşı da nəticəsi olurdu. 2005-ci ilin statistikana görə 100 min hektardan 196 min ton pambıq istehsal olunub”, V.Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən müddətdə məhsuldarlıqla bərabər məhsulun keyfiyyəti də aşağı düşüb, fermerlərin xərci artıb.

“Əgər əvvəllər 1 kiloqramını 40 sentə qəbul edirdilərsə, indi 30 sentə düşüb, bu isə fermerdə pambığa marağı azaldacaq. Nəticə olaraq vəziyyət belədir: məhsulun maya dəyəri yüksək, gəliri azdır”.

Vahid Məhərrəmov sonda bildirib ki, bu il məhsuldarlıq ötən ilkindən iki dəfə az gözlənilir, ki bu da fermelərin pambıqdan uzaqlaşmasıyla sonuclanacaq.

Daha çox göstər
Back to top button