Siyasət

Azərbaycanda mitinq iştirakçıları polisə çağırılır

Xədicə İsmayıldan ailə üzvləri, qohumları haqqında məlumat istənilib

Oktyabrın 3-də araşdırmaçı jurnalist Xədicə İsmayıl Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağırılıb. Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, bölmədə ona Milli Şuranın 23 sentyabr mitinqində iştirak etdiyi üçün çağırıldığı bildirilib.

Həmçinin qeydiyyatda olduğu ünvanda yaşayıb-yaşamadığı soruşulub, ailə üzvləri, qohumları haqqında məlumatlar istənilib.

Mitinqdə iştirak etdiyinə görə Xədicə İsmayılovanın anası Elmira İsmayılovanın da polisə dəvət edildiyi bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, keçmiş müdafiə naziri Rəhim Qazıyevi, qardaşını da polis bölməsinə çağırıblar.

Demokratiya və Rifah Hərəkatının üzvü Hüseyn Məliki oktyabrın 3-də Səbayel Rayon Polis İdarəsinə çağırıblar, onu Cinayət Axtarış Şöbəsinin rəisi Bəxtiyar Bayramov qəbul edib:

“Bütün qohumlarımı soruşdu, hətta II Dünya savaşında həlak olan əmim haqda da sual verdi. Sonda mitinqə gedəcəyimi soruşduqda “mən mitinqə adamları da aparacam” cavabını verdim”.

O, baş verənləri təzyiq adlandırıb.

Eyni gündə ADP sədrinin müavini Həsrət Rüstəmovu da Səbayel Rayon Polis İdarəsinə çağırıblar və analoji sualları veriblər.

Oktyabrın 2-də isə gənc fəal Vüsal Tağızadə də eyni məqsədlə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə çağırılmışdı.

Milli Şura növbəti mitinqini oktyabrın 7-də keçirməyi planlaşdırır. Tədbir təşkilatçıları hesab edir ki, polis həmin aksiyaya gedən şəxslərin sayına təsir göstərmək üçün bu addımı atır.

Meydan TV

Daha çox göstər
Back to top button