Beynəlxalq

Azərbaycan dünyada ən çox senzura tətbiq edilən ölkələrdən biridir

ABŞ Konqresində postsovet ölkələrində KİV və jurnalistlərin təqib olunması mövzusunda keçirilən dinləmələrdə konqresmenlər, KİV üzrə ekspertlər və hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər. Onlar bu regionda, o cümlədən Azərbaycanda jurnalistlərə sistematik hücumlarla bağlı dərin narahatlıqlarını bildiriblər.

“Postsovet regionunda azad və müstəqil KİV-in olması həmişəkindən indi daha vacibdir”, – konqresmen Stiv Şabo ABŞ Helsinki Komissiyasının təşkil etdiyi dinləmələrdə bildirib. Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Avtoritar rejimlər bu “ideya döyüşü”ndə qalib gəlməməlidir. Jurnalistlərin işi hakimiyyətə həqiqəti çatdırmaqdan və hökuməti məsuliyyətə çağırmaqdan ibarətdir, Şabo deyib.

“Hər gün jurnalistlər bütün dünyada insanlara yenilikləri və informasiyanı çatdırmaq üçün öz həyatlarını riskə atırlar”, – konqresmen, “Mətbuat Azadlığı Evi”nin həmsədri Adam Şif əlavə edib.

Helsinki Komissiyasının nümayəndəsi Cordana Uorlik xatırladıb ki, postsovet ölkələrində jurnalistlər öz həyatlarını riskə atır, onları qorxudurlar, həbs edirlər, hətta öz işinə görə öldürürlər. “Hökuməti tənqid edənlər və ya korrupsiya kimi həssas məsələləri araşdıranlar bunu qorxu və risk bahasına edirlər. Çox zaman təzyiq göstərilməsilə bağlı hallar öz həllini tapmır, qurbanlar və ailələr isə ədaləti görmürlər”, – o vurğulayıb.

“Hökumət tərəfindən istər açıq, istərsə də gizli şəkildə artan təzyiqlər müstəqil jurnalistika, düzgün dialoq və azad informasiya axını üçün məkanı qapadır”, – “Amerikanın səsi” radiosunun direktoru Amanda Bennett bildirib.

Belə ki, bu ilin avqustunda “Amerikanın səsi”nin iki müxbiri Vergilər Nazirliyinə çağırılıb. Onları iki saat dindiriblər.

“Jurnalistlərdən biri deyib ki, iki müstəntiq ona hədə-qorxu gələrək “Amerikanın səsi” ilə bağlı əlaqələri, əməkhaqqı və bank hesabı haqda soruşublar. Onun qanuni nümayəndəsi görüşə buraxılmayıb. Odur ki, o, öz təhlükəsizliyi ilə bağlı narahatdır.

“Azadlıq” radiosunun rəhbəri Tomas Kent öz çıxışında deyib ki, 2014-cü ildə “Azadlıq” radiosu bürosunun zorla qapadılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıblar.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova Azərbaycanı “dünyada ən çox senzuraya məruz qalan ölkələrdən biri” adlandırıb. Ölkədə avtokrat hökumət jurnalistləri təqib etməkdə davam edir və bu praktikanı ölkə hüdudlarından kənarda da yayır.

Təkcə bu il Azərbaycanda altı jurnalist həbs edilib, bundan öncə də beş nəfər artıq həbsdədir.

“Meydan” TV və London Sülh və Müharibə İnstitutu ilə əməkdaşlıq edən ştatdankənar jurnalist Əfqan Muxtarlının oğurlanması daha çox həyəcan doğurur.

Ə.Muxtarlı Azərbaycan Müdafiə Nazirliyində korrupsiya haqqında materialın dərcinə görə hədələndiyi üçün 2014-cü ildə Azərbaycandan Gürcüstana qaçıb.

Mayın 29-da Ə.Muxtarlı Tbilisidə oğurlanaraq məcburən Bakıya gətirilib. O, sərhəddi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

N.Oqnyanova ABŞ Helsinki Komissiyasını Azərbaycan, Rusiya və digər keçmiş sovet ölkələrində mətbuat azadlığının müdafiəsi məsələsində qətiyyətli addımlar atmağa çağırıb.

Daha çox göstər
Back to top button