BaşlıcaBeynəlxalq

Nina Oqnianova: “Azərbaycan artıq öz repressiv hərəkətlərini xaricə də ixrac edir”

Oktyabrın 4-də ABŞ Konqresinin Helsinki Komissiyası Rusiya və post-sovet ölkələrində jurnalistlərə qarşı hücumlarla bağlı brifinq keçirib.
Brifinqdə Azərbaycan və digər post-sovet ölkələrində jurnalistlərin vacib rolu və cəmiyyətə təsiri, onların haqları, təhlükəsizliyi və müdafiəsi, eləcə də ATƏT regionundaki ölkələrdə mətbuat azadlığının təbliği və müdafiəsi müzakirə olunub.

Azadliq.info saytına əsasən, tədbir zamanı ən çox diqqət ayırılan ölkələrdən biri də Azərbaycan olub. Panel iştirakçıları Azərbaycanda mətbuat azadlığının çox pis vəziyyətdə olduğunu və hökümətin müstəqil jurnalistikanı əngəlləmək üçün əlavə səylər göstərdiyini bildirib.
“Düşünürəm ki, artıq daha çox insan dünya boyu azad mətbuatın üzləşdiyi ciddi təhlükələri görür və fikrimcə biz insanları mətbuat azadlığını təbliğ etməyə təşviq etməliyik,” deyə Amanda Bennet bildirib.

O əlavə edib ki, “Müstəqil jurnalistlərə demək istərdim ki, həqiqət əvvəl-axır üzə çıxır və insanlar həqiqəti görür. Sizə qarşı təzyiqlər ola bilər, amma sizin gördüyünüz iş çox vacibdir və sizin xəbərləriniz və verdiyiniz məlumatlar sayəsində insanlar həqiqəti görəcəklər”.

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Cənubi Qafqaz proqramlarının koordinatoru Nina Oqnianova Azərbaycanı ən çox senzura edilən ölkələrdən biri adlandırıb və oradakı avtoritar rejimin senzura səylərini xarici ölkələrə “ixrac etdiyini” deyib.

O, buna misal olaraq aprel ayında Gürcüstanda qaçırılaraq Azərbaycana gətirilib, həbs edilən Əfqan Muxtarlını, Azərbaycan hökümətinin defamasiyada ittiham etdiyi iki fransalı jurnalisti və Aleksandr Lapşinin həbsini göstərib.
“Əliyev hakimiyyətdəki müddəti ərzində müstəqil və müxalifət media orqanlarını, qeyri-hökümət təşkilatlarını və müxalif fəallarını təqib edib. Onun sərt tədbirləri nəticəsində bir çox insan xarici ölkələrə sürgün edib, dövlət orqanları isə tanınmış tənqidçiləri həbs edib. Təkcə bu il ərzində Azərbaycan höküməti 6 jurnalist həbs edib. Təəssüf ki, Azərbaycan artıq öz repressiv hərəkətlərini xaricə də ixrac edir,” o bildirib.

Nina Oqnianova ABŞ xalqı və rəhbərliyinin Post-sovet regiondakı mətbuat azadlığı məsələsi barədə xəbərdar olmağının vacibliyini də vurğulayıb.
Tədbirdə AzadlıqRadiosunun Direktoru Tomas Kent və “Exo Moskvı” qəzetinin Vaşinqton müxbiri Karina Orlova iştirak edib.

Tomas Kent Azadlıq Radisunun çox sayda təqiblərlə üzləşdiyini, xüsusilə də Rusiyada onların fəaliyyətinə əngəllər və məhdudiyyətlərin tətbiq edildiiyni vurğulayıb. Tomas Kent AzadlıqRadiosunun Bakı bürosunu bağladığına görə Azərbaycan hökümətini məhkəməyə verdiyini də qeyd edib.

Brifinqdə çıxış edən ABŞ Nümayəndələr Palatasının üzvləri Stiv Şabbot və Adam Şiff post-sovet məkanı boyunca Putin Rusiyasının propaqandasına qarşı mübarizə aparmağın, azad mətbuatın qorunması üçün lazımi ölçülərin götürülməsinin vacibliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button