İctimaiyyət

Abbas Hüseynov: ‘Mən dəli deyiləm, normal məhbuslarla qalmaq istəyirəm’

“Mən dəli deyiləm, normal məhbuslarla birlikdə qalmaq istəyirəm. Döydülər, işgəncə verdilər, gördülər alınmadı. İndi də iki psixoloji problemləri olan adamın yanına salıblar. Məni öldürmək planları varsa, açıq elan eləsinlər, bilim”, – Nardaran məhbusu Abbas Hüseynov oktyabrın 5-də saxlandığı Qobustan həbsxanasında vəkili ilə görüşərkən bunları deyib.

Vəkil Yalçın İmanovun sözlərinə görə, Abbas Hüseynov bir həftə aclıq edib. Buna səbəb isə həftədə iki dəfə yaxınları ilə telefon danışıqlarına nəzarət edilməsi olub.

A.Hüseynov bu məsələ ilə əlaqədar həm həbsxananın rəisinə, həm də Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib. Penitensiar Xidmətin rəisinə məktubunda Qobustan həbsxanasına gətiriləndən başına gələnləri, o cümlədən işgəncəyə məruz qalmasını ətraflı yazıb.

“Sentyabrın 29-da Abbasa bir qərar təqdim ediblər, orada yazılıb ki, radikal şiə olduğundan və ictimai asayişi pozmaq ehtimalına görə onun telefon danışıqları nəzarət altında saxlanılır, dinlənilir. Daha sonra Abbasa töhmət verilib. Guya, saxlandığı 8 nəfərlik kamerada radikal şiə təriqətini yayır, hakimiyyət əleyhinə təbliğat aparır, bu da kameradakılarda narahatlıq yaradır. Halbuki, kamera yoldaşlarının Abbasdan şikayəti olmayıb”, – Yalçın İmanov bildirib.

Müdafiəçinin sözlərinə görə, ötən həftə həbsxanaya Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlib. Nardaran məhbusu ona kameradakı dözülməz vəziyyətdən danışıb. Abbas vəkilinə deyib ki, bundan sonra həbsxanada ona münasibət daha da pisləşib. Oktyabrın 3-də onu daha iki məhkumun olduğu kameraya köçürüblər: “Həmin məhbuslardan da biri həbsdə olarkən kamera yoldaşının üstünə qaynar su tökdüyünə görə cəzası daha 6 il artırılıb. Digərinin də psixoloji problemləri var, təbii ehtiyaclarını elə kameranın içində ödəyir”.

A.Hüseynov vəkilinə onu da deyib ki, oktyabrın 4-də Penitensiar Xidmətin rəis müavini Mirsaleh Seyidov həbsxanada onunla görüşüb: “Abbasa bildirib ki, problemi həll olunacaq, başqa kameraya köçürüləcək. Bu gün mən Abbasla görüşəndə hələ həmin kamerada idi. Amma görüşdən sonra həbsxananın rəisi ilə əlaqə saxladım. Bildirdi ki, problem artıq həll olunub”.

Abbas Hüseynovun dilə gətirdiyi digər məsələlərə Penitensiar Xidmət rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

 

Daha çox göstər
Back to top button