İctimaiyyət

7 oktyabr mitinqinə görə daha 2 AXCP fəalı həbs edildi

Milli Şuranın mitinqlərinə görə hakimiyyətin təşkilatçılara qarşı qisas əməliyyatı davam edir. 7 oktyabr mitinqinə görə müxtəlif müddətlərə inzibati həbsə məhkum edilən AXCP fəallarının sırasına daha 2 nəfər əlavə olunub. Mitinqdən əvvəl 6 AXCP fəalı 10-30 sutka müddətinə həbs edilmişdi. İndi bəlli olur ki, partiyanın daha 2 fəalı da 7 oktyabr mitinqindən sonra uydurma ittihamla 10 və 15 sutka müddətinə azadlıqdan məhrum edilib.

Məlumatı Azadlıq Qəzeti yayıb.

Bunlar AXCP Şirvan şöbəsinin fəalları Əlifağa Abdullayev (10 sutka) və Eldəniz Səmədovdur (15 sutka) Onların hər ikisi İXM-in 535.1 (polisə müqavimət) maddəsilə ittiham olunub. Onların işinə oktyabrın 9-u və 10-da Sirvan Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə baxılıb.

AXCP fəallarının vəkili Yalçın İmanov “Azadliq.info”ya deyib ki, müdafiə etdiyi şəxslər məhkəmədə dindirilərkən özlərini təqsirli bilməyiblər. Deyiblər ki, protokolda yazılanlar yalandır, onlar nə inzibati xətaya yol veriblər, nə də polisə tabesizlik göstəriblər. Vəkil bildirib ki, hər iki fəalın haqqında tərtib olunmuş inzibati xəta protokolu standartdır. Bu adamların polisin qanuni tələbinə tabe olmadığı yazılıb, amma hansı tələbdən söhbət getdiyi, onların tabesizlik göstərib neylədiyi bilinmir.

Ə.Abdullayev və E.Səmədov Şirvan şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerindədir. Vəkil oktyabrın 12-də onlarla görüşmək istəsə də, imkan verilməyib: “Özünü müvəqqəti saxlama yerinin rəisi kimi təqdim edən Zamiq Kərimov adlı şəxs bildirdi ki, görüş yalnız günorta saat 15.00-dan sonra olar. Çünki günorta saat 13.00-14.00 arası nahar vaxtıdır, 14.00-dan 15.00-a qədər isə müvəqqəti saxlama yerlərindəki şəxslərin istirahət vaxtıdır. Yəni nəticə etibarilə onlarla görüşə bilmədik”.

Y.İmanov bildirib ki, hər iki cəbhəçinin barəsindəki həbs qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilib.

Daha çox göstər
Back to top button