Təhlil

Qlobal Aclıq İndeksinə görə, Azərbaycan qonşuları Ermənistandan və Gürcüstandan siyahıda daha aşağı pillədədir

Dünyada acların 60 faizini qadınlar və qızlar təşkil edir. Bu mənzərənin kökləri sosial struktura gedib çıxır – qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına. Eynilə, etnik azlıqlar da ayrıseçkiliklə üzləşir və daha çox yoxsulluq və aclıq görürlər.

Oktyabrın 12-də 2017-ci il Qlobal Aclıq İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), «Concern Worldwide» və «Welthungerhilfe» təşkilatları hazırlayıblar.

Hesabatda bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Amma hələ də milyonlarla adam xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.

Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb. Ötənilki bal 9.8 idi, yəni bu il irəliləyiş var. Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanda (7.7) durumun Azərbaycana nisbətən daha yaxşı olduğu bildirilir.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

Siyahıya görə, Azərbaycanda 2014-2016-cı illərdə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.2%-ni təşkil edib. 2012-2016-cı illərdə yaşı 5-dən aşağı olan uşaqların 3.1%-də boyuna görə çəki azlığı, 18%-də isə yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.

İqtisadçı Natiq Cəfərli: “Azərbaycan regionda inflyasiyanın ən kəskin olduğu ölkədir. Hətta rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası 18 faizdir. Rəsmi rəqəmlərin hesablanması zamanı təhriflər olduğunu nəzərə alsaq, deməli, bu rəqəm daha yüksəkdir. Həm iki kəskin devalvasiya, həm də yüksək inflyasiya Azərbaycanın bu parametrlərə görə, qonşu ölkələrlə müqayisədə geriləməsinə səbəb olur”.

Daha çox göstər
Back to top button