Siyasət

Məhkəmə ”Turan”-nin Vergilər Nazirliyinə qarşı iddiasını təmin etməyib

Agentlik məhkəmənin hərəkətlərini cinayət təqiblərinin uzadılması, kollektivin jurnalist fəaliyyətinə əngəl yaradılması kimi qiymətləndirir

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi oktyabrın 13-də “Turan” agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasının təmin edilməsini mümkünsüz hesab edib.

İddiada 2010-2017-ci illər üçün agentlikdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz tanınması xahiş edilib.

Məlumatı “Turan” İA yayıb.

Sədrlik edən hakim Müseyib Bayramov iddianı məqbul saymayıb və səyyar yoxlamanın inzibati akt olmaması və ondan şikayət verilməməsilə bağlı Vergilər Nazirliyinin nümayəndəsinin vəsatətinə əsaslanıb.

Agentlik yazır ki, məhkəmə faktiki olaraq iddiaya baxılması ilə bağlı məsuliyyəti öz üzərindən atıb, iddiaya baxılmasını Apellyasiya Məhkəməsinin öhdəsinə buraxıb.

Vəkil Fuad Ağayev cavabdehin dəlilləri və məhkəmənin qərarı ilə razı olmadığını bildirib.

Vəkil deyib ki, Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı ildə təsdiqlədiyi “Səyyar vergi yoxlamalarının icraatı qaydaları”na əsasən vergi ödəyicisi 30 gün müddətində yoxlama barədə qərardan şikayət vermək hüququna malikdir.

F.Ağayev qeyd edib ki, iddiaçı Apellyasiya Məhkəməsinə müraciət edəcək və apellyasiya şikayətinə baxılması üçün ən azı bir ay lazım gələcək.

“Turan” agentliyinin digər iddiasına, agentliyə qarşı cinayət işinin açılması barədə 7 avqust tarixli qərarın qanunsuz olması ilə bağlı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iddiasına baxılması isə dekabrın 5-nə keçirilib.

Agentlik Vergilər Nazirliyinin və məhkəmənin hərəkətlərini “Turan”a və onun direktoru Mehman Əliyevə qarşı cinayət təqiblərinin uzadılması, kollektivin jurnalist fəaliyyətinə əngəl yaradılması kimi qiymətləndirir.

* Lokal Vergilər Departamenti mayda “Turan” agentliyinə qarşı 2016-cı il üçün 5 min manat həcmində cərimə təyin edib. Amma “Turan”-ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası araşdırma apardıqdan sonra iyunun 30-da bu qərarı ləğv edib. Avqustun 7-də departament 2016-cı il üçün bu dəfə 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi hesablayıb. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Amma sentyabrın 11-də o Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Daha çox göstər
Back to top button