Siyasət

Aslan İsmayılov cinayət təqibinin Facebook-dakı nəşrləri ilə əlaqədar olduğunu düşünür

Hüquqşünas Aslan İsmayılov hesab edir ki, ona qarşı xuliqanlıq ittihamı ilə açılmış cinayət işi Facebook-da tənqidi nəşrləri ilə əlaqədardır.

Onun fikrincə, Əli Həsənovun (prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi) nəzarəti altında olan hökumətyönlü KİV ona qarşı kampaniya həyata keçirərək, hakimiyyətin tənqidinə son qoymağı tələb edirdi. “Amma mən qanunsuzluqla, özbaşınalıqla barışmayacağam və heç bir cinayət işi ilə, həbslə məni qorxuda bilməyəcəklər”, deyə İsmayılov Turan agentliyinə bildirib.

İttihamın mahiyyətinə gəlincə, İsmayılov məhkəmədə iştirak etməsinə baxmayaraq, onun orada olmaması barədə qərar çıxaran hakimi cinayət törətməkdə ittiham edib.

Söhbət İsmayılovun qalmaqallarla tanınan “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyevə qarşı şərəf və ləyaqətin müdafiəsi iddiasından gedir.

Nərimanov rayon məhkəməsi iddiaya baxılmasını 7 dəfə təxirə salıb, sonra isə Binəqədi rayon məhkəməsinə göndərib.

“Mən məhkəməyə getdim, bu barədə hakimə və onun özünə məlumat verdim. Mənə zalda gözləməyi təklif etdilər, amma 30-40 dəqiqə sonra gəlib dedilər ki, məhkəmə artıq qərarı elan edib. Mən hakimin mənim iştirakım olmadan necə qərar çıxardığına izahat tələb etdim”, deyə İsmayılov bildirib.

O qeyd edib ki, bundan sonra o, Binəqədi rayon məhkəməsinə və polisə gedib, amma ona heç bir cinayət işi haqqında heç nə deməyiblər.

“Görünür, məsələni yuxarılarla razılaşdırırdılar və razılıq aldıqdan sonra cinayət işini saxtalaşdırıblar”, deyə İsmayılov bildirib.

Bazar ertəsi saat 16.00-da onu Binəqədi polisinə dindirməyə çağırıblar.

Daha çox göstər
Back to top button