Siyasət

Azərbaycanla bağlı çirkli pulları araşdıran maltalı jurnalist öldürüldü

Məşhur Maltalı jurnalist Dafne Karuana Qalizia maşınının partladılması nəticəsində həlak olub. Bu barədə məlumatı “Malta today” qəzetinə istinadən Meydan TV yayıb.

Məlumatda bildirilir ki, çox güclü bomba partlayışı nəticəsində jurnalist həlak olub. Jurnalistin cəsədi partlayış nəticəsində tanınmaz hala düşüb. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı.

Baş vermiş hadisəni Baş Nazir Cozef Muskat ifadə azadlığına qarşı iyrənc hücum kimi qiymətləndirmiş və cinayətkarlar cəzalandırılana qədər sakut olmayacağını bəyan edib. Malta ABŞ hökumətinə baş vermiş hadisənin araşdırılması üçün müraciət edib. Artıq müraciətə müsbət cavab verilib və Federal Təhqiqatlar Bürosunun əməkdaşları Maltaya yola düşüblər.

Bu ilin iyun ayında Karuana Qalizia Muskatın adının korrupsiyada hallanmasını səbəb göstərərək erkən seçki çağırışı edib. Onun sözlərinə görə, kiçik Maltada yerləşən bank sənədləri göstərir ki, Muskatın həyat yoldaşının Panamada şirkəti var və həmin şirkətlə Azərbaycanda müəyyən bank hesabları arasında böyük məbləğdə pul köçürmə əməliyyatları həyata keçirilib. Həm Muskat, həm də həyat yoldaşı ittihamları rədd edərək, Karuana Qalizianı böhtan atmaqda günahlandırıblar. Muskat növbəti seçkilərdə asanlıqla yenidən seçilib. Qısa müddət öncə Karuana Qalizia öz bloqunda müxalif siyasətçiləri sərt tənqid edib.

Bazar ertəsi səhər saatlarında yayımlanan son bloqunda jurnalist “İndi baxdığınız hər yerdə oğrular var. Vəziyyət ümidsizdir ” – deyə bildirib.

Ötən il başqa bir yazısında isə jurnalist belə qeyd etmişdi: “Maltanın ictimai həyatı, heç bir prinsipi və qorxusu olmayan, təhlükəli dərəcədə qeyri-stabil kişilərdən əziyyət çəkir”.

Malta Televiziyası, Karuana Qalizianın iki həftə əvvəl təhdid aldığını söyləyərək, polisə şikayət etdiyini açıqlayıb. Bu haqda ətraflı məlumat verilməyib.

 

Daha çox göstər
Back to top button