“Ukrayna avtoritar ölkələrə ifadə azadlığının boğulmasında kömək etməməlidir”
RATI Fikrət Hüseynlinin həbsiylə bağlı bəyanat verib. Bəyanatı təqdim edirik:
“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynlinin Kiyevdə saxlanılmasından dərin narahatlıq keçirərək Ukrayna hakimiyyətini jurnalisti dərhal azad etməyə və avtoritar ölkələrin öz xaricdə yaşayan tənqidçilərini qorxutmaq məqsədi daşıyan repressiv addımlarına dəstək verməməyə çağırır.
RATİ əminliklə bildirir ki, Azərbaycan hakimiyyətinin İnterpola müraciəti əsasında Fikrət Hüseynlinin oktyabrın 14-də Ukrayna sərhədçiləri tərəfindən tutulmasının arxasında siyasi motiv dayanır. Bu siyasi motivin dolayı bir sübutu budur ki, jurnalist Ukraynaya gəldiyi zaman deyil, orada Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən bir neçə gün qanunsuz şəkildə izlənildikdən sonra ölkəni tərk edərkən saxlanılıb.
“Azərbaycanlı müxalif jurnalistin Azərbaycanın avtoritar hakimiyyətinin müraciəti ilə Ukrayna hakimiyyəti tərəfindən həbs edilməsi Ukraynanın Avropa Şurası və ATƏT-ə üzvlüyü çərçivəsində əməl etməyi öhdəsinə götürdüyü ifadə azadlığının müdafiəsi kimi ümum-Avropa dəyərlərinə ciddi zərbədir,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Avropa Birliyi ilə imzalanmış Assosiasiya Sazişinin Ukraynada qüvvəyə minməsindən ötən iki aydan da az müddətdə avtoritar ölkələrin müraciəti ilə ölkədə iki xarici jurnalist həbs edilib. Keçən ay Özbəkistan hakimiyyətinin İnterpola müraciəti əsasında, 2013-cü ildən bəri sürgündə yaşayan özbəkistanlı jurnalist Narzullo Oxunjonov Ukraynada oxşar siyasi motivli ittihamlarla saxlanılıb. Ukrayna mühacirətdə yaşayan jurnalistlərin həbsi praktikasını dayandırmalı, Fikrət Hüseynli və Narzullo Oxunjonovu dərhal azad etməklə ölkənin ümum-Avropa inkişaf yolundan dönmək niyyətində olmadığını nümayiş etdirməlidir,” deyə Hüseynov fikrini tamamlayıb.
RATİ Fikrət Hüseynlinin 2015-ci ildən bəri vətəndaşlığını daşıdığı Hollandiyanın hakimiyyət orqanlarını onun tez bir zamanda azad edilməsi üçün bütün mümkün köməkliyi göstərməyə və yaxınlarda Avropa Birliyinə sürətli inteqrasiyanı öz prioriteti elan edən Ukraynada avtoritar ölkələrin müraciəti əsasında baş verən siyasi motivli həbslərin sayının artması ilə bağlı Avropa İttifaqı Şurasında məsələ qaldırmağa çağırır.
RATİ həmçinin Avropa Parlamentini Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyətin araşdırmaçı jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanaraq Azərbaycana qanunsuz ekstradisiya olunmasından sonra aparıldığı kimi təkrar qiymətləndirilməsini aparmağa və Avropa Birliyi ilə Assosiasiya Sazişini ratifikasiya etmiş Ukrayna və Gürcüstan hökumətlərinə jurnalistlərin təqibinin yolverilməzliyi barədə narahatlığını bildirməyə çağırır.
RATİ Avropa Şurası, ATƏT və Avropa Birliyini avtoritar rejimlər tərəfindən siyasi mühacirətdə yaşamağa məcbur olan dissidentlərin həbsi məqsədilə beynəlxalq hüquq mexanizmlərinin sui-istifadə olunmasına imkan verməməyə çağırır.
Azərbaycan, Türkiyə və Özbəkistan kimi ölkələr tərəfindən tənqidçilərin təqibində İnterpol mexanizmlərinin sui-istifadəsi hallarının artması nəzərə alınmaqla, RATİ beynəlxalq ictimaiyyəti bu beynəlxalq təşkilatın transmilli siyasi mübarizə aləti kimi istifadəsini istisna etmək üçün İnterpolla bağlı təcili islahatlar həyata keçirməyə çağırır.
RATİ Azərbaycan hakimiyyətini jurnalistlərin ölkə daxilində və xaricindəki təqibinə son qoymağa və jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Əziz Orucov, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev , Məhbub Zülfüqarlı, Ziya Əsədli və Ərşad İbrahimovu, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərli və Tofiq Həsənovu, habelə qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu azadlığa buraxmağa çağırır.
Həm Azərbaycan, həm də Özbəkistan hakimiyyəti tərəfindən ifadə azadlığının kobud şəkildə pozulması nəzərə alınmaqla, RATİ Ukraynanın hazırkı hakimiyyətini Yanukoviçin dövründə baş vermiş xarici dissidentlərin ekstradisiyası kimi utancverici praktikanı təkrarlamamağa, əksinə, xarici dissidentlərə siyasi sığınacaq verilənə qədər bütün beynəlxalq müdafiə mexanizmlərindən istifadə etməyə çağırır.”