Təhlil

Əli Kərimli hökumətin məkrli planını ifşa etdi

Əli Kərimli fb səhifəsində hökumətin müxalifətə qarşı növbəti məkrli planından yazıb:

İHökumətin məkrli planı ilə bağlı vacib müraciətdir. Oxu və paylaş!
“Azadliq.info” saytına əsasən, o yazıb ki, ilk növbədə AXCP üzvlərinə, Milli Şura tərəfdarlarına, sonra da hamıya müraciət edirəm. Sentyabrın 4-də Azərbaycan rəhbərliyinin #3milyarddollarlıq korrupsiyası ifşa edilәndən bәri 40 gündən artıqdır ki, ölkə gündəminin əsas məsələsi həmin oğurlanmış pulların qaytarılması, oğruların məsuliyyət daşıması tələbilə keçirilən mitinqlərdir. Bu müddət ərzində hakimiyyət həm gündəmi dəyişmək, həm də mitinqlərin qarşısını almaq üçün ağlı kəsən bütün vasitələrdən istifadə edib. Ancaq xalqımızın israrı ilə gündəm dəyişməyib, 2 uğurlu mitinq keçirilib, üçüncü, #28oktyabr mitinqi təyin olunub.

Bu isə o deməkdir ki, milyonlarla insan 6 həftədir hər gün hakimiyyətin oğru olmasının yeni-yeni sübutları ilə tanış olur, yaşadığı yoxsulluğun iqtidardakıların acgözlüyünün, talançılığının nəticəsi olduğunu başa düşür. Bütün maneələrə baxmayaraq mitinqlərin yüksələn xətlə getməsi adamları ruhlandırır, cəmiyyətdən qorxunu çıxardır, sabaha ümid yaradır. Təsüdüfi deyil ki, mitinqlərin hər birindən yayılan təkcə videoreportajlara 1 milyondan artıq adam baxır. Müxalif mövqeli insanların mübarizədə, meydanda faktiki birləşməsi baş verir. Mitinqlərə AXCP üzvləri, Milli Şura tərafdarları, heç bir partiyanın üzvü olmayan narazı vətəndaşlarla yanaşı xeyli sayda müxtəlif partiyaların üzvləri və vətəndaş cəmiyyəti təmsilçiləri də gəlir. Yeri gəlmişkən, bu şəxslərin hər birinə öz minnətdarlığımı bildirmək istəyirəm. Gəlin, bu meydan sizindir!

Oğurluq üstündə yaxalananlar bu gedişatdan çox narahatdırlar. Ölkənin daxilindən narazı xalqın və xaricdən aldadıldığını, istifadə olunduğunu dərk edib, nəhayət, səhv siyasətlərindən imtina edәrәk prinspial mövqe ortaya qoyan beynəlxalq təşkilatların təzyiqi oğrularda panika yaradır. İndi onlar bu gedişatı durdurmaq üçün arsenallarında olan bütün vasitələrdən istifadə etməyə hazırdırlar.

Əziz həmvətənlər, dəqiq məlumatım var ki, hakimiyyət bütün vasitələrlə kənar müşahidəçidə “müxalifətdaxili didişmə” təəssüratı doğuracaq mübahisələrin yaranmasına çalışacaq. İqtidar ideoloqları elə hesab edir ki, müxalif düşərgə daxili mübahisələrə meyllidir və onlar bu düşərgədə yerləşdirdikləri təsir vasitələrini, mətbuat orqanlarını, trol ordusunu səfərbər etməklə belə mübahisələr yarada bilər, bu mübahisələr də 3 milyard oğurluq və keçirilən mitinqləri diqqətdən yayındıra, hakimiyyətə nəfəs dərməyə imkan yaradar.

Əziz cəbhəçilər, AXCP-nin və Milli Şuranın tərəfdarları, ilk növbədə sizlərə müraciət edirəm. Qarşılaşdığınız və qarşılaşacağınız təxribatlara uymayın. Özünü müxalifətçi və ya vətəndaş cəmiyyəti fəalı kimi təqdim edən (sizin onu necə qiymətləndirməyinizdən asılı olmayaraq) şəxslәrin mənә, Milli Şuraya və AXCP-yә yönəltdiyi heç bir tənqidə, hətta təhqir və qarayaxmaya da cavab verməyin! Səbrli olun, indiyə qədərki böhtanlar bizə yapışmadığı kimi, bundan sonrakılar da yapışmaz, oğrulara aradan çıxmaq üçün fürsət yaratmayaq! Bizim tək hədəfimiz ölkəmizin sərvətlərinə də, dövlət idarələrinə də əl qoymuş oğrulardır. Vətənimizi onlardan xilas etməliyik!

Özünü müxalif mövqeli, ölkədə pozitiv dəyişiklik, islahat tərəfdarı sayan hər kəsə müraciət edirəm: Oğruları sevindirməyin, onlara süni nəfəs verməyin, “daxili” hesab olunacaq mübahisələrdən yayının! Ölkəni bu günə qoyan nəinki 3, hətta 100 milyard dolları bu gözəl vətənimizdən oğurlamış korrupsionerlərdir. Onlara kömək etməyək! Onları düşdükləri mühasirədən çıxarmayaq! Əksinə hamılıqla onlardan hesab tələb edək. 28 oktyabrda mitinq meydanına axışaq. Mitinq meydanında oğrulardan izahat tələb edək, ölkəmiz üçün ədalət, hüquq, siyasi, iqtisadi, sosial islahat istәyək. İzdihamlı mitinqlərlə xalqımızın özünə, sabahına inamını qaytaraq! Ölkəmizə sahib çıxaq!

Daha çox göstər
Back to top button