Beynəlxalq

Avropa Məhkəməsi 7 azərbaycanlının şikayətini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 7 şikayəti araşdırmağa başlayıb. Həmin şikayətlər mülkiyyət və sərbəst hərəkət etmək hüququnun pozulması iddiaları ilə bağlıdır.

Bu haqda AİHM-in saytı məlumat verir.

Məlumatda qeyd edilir ki, məhkəmə şikayətlərlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib.

Məhkəmənin araşdırdığı 6 şikayətdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Şikayətçilər Zülfiyyə Əliyeva, Nazilə Məmmədova, Svetlana Fyodorova, Turan Əliyev, Güteyis Hüseynova və Tatyana Muratova Bakının mərkəsi hissəsində yaşayırmışlar. Onların bəzilərinin mərkəzdə ticarət obyektləri də olub. Onların mülkiyyətində olan mənzil və ticarət obyektləri bir neçə il əvvəl sökülüb.

Şikayətçilərə hər kvadrat metrə görə, 1500 manat ödənilib. Ancaq onlar iddia edirlər ki, qanunvericilik qeyd olunan məbləğin 30 faizi miqdarında əlavə təzminatın ödənilməsini də nəzərdə tutur. Baki şəhər İcra Hakimiyyəti həmin məbləği ödəməkdən yayınıb.

Şikayətçilərin bununla bağlı yerli instansiyalara müraciətləri faydasız olub, iddia etdikləri məbləği ala bilməyiblər.

6 şikayətçi Avropa Məhkəməsinə müraciətlərində iddia ediblər ki, dövlət onların Avropa Konvensiyasının 1 saylı əlavə protokolun 1-ci maddəsində (Mülkiyyət hüququ) və 14-cü maddədə (Ayrı-seçkiliyin qadağan olunması) nəzərdə tutulan hüquq və azadlıqlarına müdaxilə edib.

AİHM-in araşdırdığı digər şikayəti Şahdağ Milli Parkına daxil olmasına qadağa qoyulmuş vətəndaş göndərib.

Şəfəq Əmrahova 2013-cü ildə adıçəkilən parkın daxilində olan Bazardüzü dağına çıxmaq istəyib. Bunun üçün park rəhbərliyinə müraciət edib. Park rəhbərliyi isə buna icazə verməyib.

Ş.Əhmədova bundan sonra əlaqəli dövlət qurumlarına müraciət edib, park rəhbərliyinin qərarının ləğv edilməsini istəyib. Park rəhbərliyi buna cavabsız qalmayıb, yeni qərar verib, Ş.Əmrahovanın üç il boyunca parka girməsinə qadağa qoyub.

Ş.Əmrahova məhkəməyə müraciət edib. Ancaq bütün məhkəmə instansiyaları onu haqsız hesab edib.

Şikayətçini Avropa Məhkəməsində hüquqşunas Anar Məmişov təmsil edir. Məhkəmədən tələb edilir ki, şikayətçinin Avropa Konvensiyasının 4 saylı Protokolun 2-ci maddəsində (hərəkət etmək azadlığı) nəzərdə tutulan hüququnun pozuntusunu tanısın və dəymiş zərəri kompensasiya etsin.

AİHM qeyd edilən 7 şikayət üzrə hökumətə suallar göndərib. Həmin suallara 2 ay içində cavab verilməlidir.

Daha çox göstər
Back to top button