İctimaiyyət

Hüquqşünasların çağırışına məhəl qoyulmayıb

Noyabrın 7-də Vəkillər Kollegiyasının üzvü olmayan və məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan 70 Azərbaycan hüquqşünası ölkə prezidenti İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət göndərib.

“Turan.az” saytına əsasən, müraciət müəllifləri Ali Məhkəmənin Mülki-Prosessual Məcəlləyə və digər qanunlara təklif etdiyi düzəlişləri ləğv etməyi xahiş ediblər. Bu düzəlişlərə əsasən, hüquqi mübahisələrdə vətəndaşların hüquqlarını yalnız onların yaxın qohumları və Vəkillər Kollegiyasının üzvləri müdafiə edə bilərlər.

Bu qanun layihəsinin qanun qüvvəsi qazanması üçün sənədi ölkə prezidenti imzalamalı idi.

Müraciətin təşəbbüskarlarından biri – vəkil Ramil Süleymanov deyib ki, Milli Məclisdə bəzi deputatlar – hüquqşünaslar və onların yurisprudensiyadan başı çıxan həmkarları da bu qanun layihəsinin əleyhinə səs veriblər. Amma, buna baxmayaraq, ölkə prezidenti parlamentin qəbul etdiyi düzəlişləri təsdiq edib. Dekabrın 1-dən bu dəyişikliklər qüvvəyə minəcək.

Azərbaycan Vəkillər Kollegiyasının 934 üzvü var, onların 100-ə yaxını müxtəlif səbəblərdən işləmir. 230-a yaxın vəkil bölgələrdə yaşayır. Elektron Məhkəmə Sisteminə qoşulmuş məhkəmələrdə 370 minə yaxın mülki iş, cinayət işi və inzibati iş var. Elektron Məhkəmə Sisteminə qoşulmamış məhkəmələrin gündəliyində də bir o qədər proses var.

Vəkillər Kollegiyasının üzvləri bütün bu prosesləri əhatə edə bilməyəcəklər və nəticədə vətəndaşlar peşəkar hüquqi müdafiədən məhrum qalacaq. Bu vəziyyət vətəndaşların narazılığına səbəb olacaq, belə ki, məhkəmələrdə korrupsiya riskləri artacaq.

“Biz ölkə prezidentinə müraciət edərək, qanun layihəsini imzalamamasını xahiş etmişdik”, deyə Süleymanov bildirib.

Hüquqşünasların müraciətində bir sıra konkret təkliflər var idi:

– Mülki işlərdə və inzibati mübahisələrdə vətəndaşların maraqlarını təmsil etmək hüququ yalnız ali təhsilli hüquqşünaslara verilməlidir;

– Ali Məhkəmədə vətəndaşların hüquqlarının yalnız Vəkillər Kollegiyasının üzvləri tərəfindən təmsil edilməsi haqqında qanunvericilik tələbindən imtina edilməlidir;

– Vətəndaşların maraqlarını təmsil edən şəxslər qeyri-peşəkar əməllərinə görə məsuliyyət daşımalıdırlar;

– Dövlət orqanları vətəndaşların maraqlarını təmsil edən hüquqşünasların sorğularına qanunla müəyyən edilmiş müddət ərzində cavab verməlidir.

Bundan başqa, hüquqşünaslar vəkillər və vətəndaşlar arasında müqavilələrin notarius tərəfindən tərtibatına bir sıra dəyişikliklər etməyi, habelə məhkəmə icraatında digər bürokratik təfərrüatları aradan qaldırmağı təklif edirdilər.

Bütün bu təkliflərə məhəl qoyulmayıb.

Daha çox göstər
Back to top button