A. Lukaşeviç:“Həmsədrlərin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünün məhsuldar olacağına inanırıq”
“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu ilin sonuna qədər keçirilməsi planlaşdırılan görüşünün məhsuldar olacağına inanırıq”.
Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç noyabrın 9-da Vyanada keçirilən təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
Azərbaycan və Ermənistan prezidentlərinin bu il oktyabrın 16-da Cenevrədə uzunmüddətli fasdilədən sonra keçirilən görüşü ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin mühüm nəticəsi oldu. Görüşdən sonra tərəflərin danışıqlar prosesini intensivləşdirəcəyi barədə razılaşması vacib məqamdır. Prezidentlərin Cenevrə görüşündən sonra qeyd etdikləri konstruktiv ab-havanın danışıqlar zamanı qorunub saxlanılacağına ümid edirik.
“Rusiya BMT Təhlükəsizlik Şurası tərəfindən kollektiv vasitəçi kimi təsdiq olunan ATƏT-in Minsk qrupunun digər həmsədr üzvləri ilə koordinasiya şəklində Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün qarşılıqlı razılıq əsasında həll yollarının axtarılmasında tərəflərə hər cür yardımı davam etdirməyə hazırdır. Həmsədrlərin qarşıdan gələn əlaqələrinin uzun sürən bu münaqişənin sülh yolu ilə həllinə əlavə təkan verəcəyinə ümidvarıq”, – Rusiyanın daimi nümayəndəsi vurğulayıb.
Regionda sülhün və sabitliyin dəstəklənməsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinin zəruri şərti olduğunu vurğulayan diplomat fikrini belə tamamlayıb: “Bununla əlaqədar, tərəflərin qoşunların təmas xəttində gərginliyin azaldılması üzrə əlavə tədbirlər görmək öhdəliyini yüksək qiymətləndiririk. Bir daha qeyd edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda danışıqları zamanı hərbi risklərin azaldılmasına, o cümlədən münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılmasına dair əldə edilmiş razılaşmalarının həyata keçirilməsi bu məqsədə cavab verərdi. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi alqoritminin regionda vəziyyətin monitorinqi üzrə imkanları keyfiyyətcə artırmağa imkan verəcək sxem əsasında çox qısa müddətdə razılaşdırılmasına ümid bəsləyirik. Münaqişə zonasında silahlı insidentlərin birgə araşdırılması mexanizminin işlənib hazırlanmasının başa çatması da qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində sabitliyin maraqlarına cavab verərdi. Bu prinsipial razılaşmaların həyata keçməsi tərəflərin dialoqunda müsbət ab-havanı möhkəmləndirər və danışıqlar prosesinə əlavə təkan verərdi”