‘FH’: ‘Dünya üzrə 5 dezinformasiya növündən 4-nü Azərbaycan istifadə edir’

Azərbaycan hökuməti də tənqidçilərini internetdə gözdən salmaq üçün muzdlu işçilər tutur, hətta robotlardan istifadə edirmi?
Mərkəzi ABŞ-da yerləşən “Freedom House” Beynəlxalq İnsan Haqları təşkilatı deyir ki, bəli. Özü də dünya üzrə beş dezinformasiya taktikası növündən dördünü Azərbaycan istifadə edir.
Bunlar muzdlu hökumətyönlü şərhçilərin həvəsləndirilməsi, iqtidaryönlü medianın saxlanması, siyasi botlardan istifadə və hesabların oğurlanmasıdır.
Hakimiyyətin tərəfini tutan deputat Zahid Oruc hesabatla razı deyil:
“Təəssüf ki, ötən illər ərzində Azərbaycanla “Freedom House” arasında dialoq mühiti formalaşmadı. Odur ki, “Freedom House”un hesabatları hər zaman tendensiyalı, qərəzli və Azərbaycanı xaricdən idarə etməyə çalışan qüvvələrin maraqlarına xidmət edən mərkəzlərin sifarişi və ya kənardan daxili qüvvələrə yönəlmiş şəkildə qiymətləndirilib”…
“Freedom House” isə hesabatında həm də yazır ki, hökumət Azərbaycanda siyasi botlardan, yəni, “Facebook”da, “Twitter”də canlı istifadəçi rəyi yaradan kompüter proqramlarından istifadə edir.
ABŞ-ın İllinois Universitetinin elmi jurnalı “First Monday”də 2016-cı ilin aprelində dərc etdiyi məqalədə yazır ki, Azərbaycan dünyada belə robotlar alan bir neçə ölkədən biridir. Siyahıda Rusiya, Çin, ABŞ da var.
Azərbaycanda hakimiyyətin tənqidçiləri belə siyasi botlardan fəallara qarşı kütləvi istinad olunmasına inanmırlar. Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanın internet məkanında siyasi manipulyasiya Rusiyada olduğu kimi peşəkar və təşkilatlanmış deyil, zəif formadadır.
Almaniyada yaşayan və Preziden İlham Əliyevin ünvanına sərt tənqidlər yazan bloqqer Həbib Müntəzir deyir ki, o, davamlı olaraq, muzdlu şərhçilərin- trolların hücumuna məruz qalır. Amma bu şərhlər robotlar yox, canlı adam tərəfindən yazılmış təsiri bağışlayır, onlar xüsusilə hakimiyyətin nüfuzuna təsir edə biləcək önəmli siyasi hadisələr baş verəndə aktivləşirlər, hakimiyyətin xeyrinə şərhlər yazmağa başlayırlar.
Həbib Müntəzir deyir ki, neft pulları azaldıqca, onun təbirincə desək, muzdlu şərhçilərin sayı azalır.
Biz Bakı sakinlərindən də soruşmuşuq ki, onlar sosial mediaya nə qədər inanırlar.
Qarşıdan isə seçki ili – prezident seçkisi, siyasi fəallıq dövrü gəlir. “Newsweek” dərgisi keçən ilin noyabrında yazırdı ki, internetdə manipulyasiya İlham Əliyevin 2010-cu ildən əsas strategiyası olub, ölkənin 52 şəhər və rayonunda dövlət puluna bir neçə yüz könüllü gəncə təlim keçilib, bu gənclərdən siyasi vasitə kimi istifadə olunub.
Bundan əvvəl hökumətin nəinki sosial şəbəkələri, media qurumlarını da gizli hədəfə alması ilə bağlı iddialar olub.
Qurum – media təşkilatı bu ilin martında hesabatında yazırdı ki, bəzi tənqidi media qurumlarının saytlarına haker hücumlarının izi hökumət idarələrinə – Xarici İşlər Nazirliyi, Nazirlər Kabinetinin poçt serveri, Nəqliyyat Nazirliyinin poçt serverinə qədər gedib çıxır.
Hökumət rəsmiləri isə “Amnesty İnternational”a bildiriblər ki, bu işdən xəbərsizdirlər, belə bir müraciət almayıblar.
Mənbə Azadlıq Radiosu