Siyasət

Elçin Şıxlı: “Peşəkar jurnalistikanın ağzını yummuşuq”

“Azərbaycanda mətbuat azadlığı yaxşı deyil. Mətbuat pis vəziyyətdədir”. Bu sözləri “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Amerikanın Səsi”nə müsahibəsində bildirib. Ba barədə “Turan.az” saytı məlumat yayıb.

Ölkə rəsmilərinin media azadlığının inkşafı üçün milyonlarla manat vəsait xərcləndiyini deməsi ilə bağlı sualın cavabında o deyib: “Doğrudur, pullar xərclənir, amma hansı istiqamətdə xərclənməsi bir az müşkül məsələdir. Həmin vəsaitlərin gedib məqsədə çatdığını düşünmürəm. Azərbaycanda söz azadlığının vəziyyəti yoxdur. Son zamanlar rəsmi jurnalist məqamlarının söylədiklərini nəzərə alsaq, məsələn Əflatun Amaşov (Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı – red.) deyir ki, Azərbaycanın dünyada təbliği üçün yeni televiziya kanalı açılmalıdır. Son zamanlar bir çoxları məktubla çıxış edir ki, Azərbaycanda bu qədər pullar xərclənməsinə baxmayaraq nə mətbuatda irəliləyiş var, nə də yerli mətbuat ölkəni dünyada yaxşı səviyyədə tanıda bilmir”.

Onun fikrincə, indiki anda yerli media ölkəni dünyada tanıda bilməz.

“Təbii ki, tanıda bilməyəcək. Çünki ölkəni tanıda biləcək, yaza bilən peşəkar jurnalistikanın ağzını yummuşuq. Balaca tənqidi fikir səsləndirənlərin başından basıb haradasa gizlənməyə məcbur etmişik. Əli qələm tutan və ağlı kəsən insanların hamısı Azərbaycanın hüdudlarından kənardadır və bu, faciədir”.

O, media azadlığının kəskin duruma düşməsinin səbəblərindən danışarkən deyib ki, Azərbaycanda ideologiya məsələləri ilə məşğul olan şəxslər hələ də keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin başı ilə düşünürlər.

“Bu insanlar Azərbaycanın proqressiv dünyadan nə qədər geri qaldığının fərqində belə deyillər. Problem bundan ibarətdir. Çünki biz özümüzə qapanmışıq, ətrafımıza baxmaq istəmirik. Baxanda da yalnız onu deyirik ki, Almaniya batır, Amerika tənəzzülə uğrayır, Avropa parçalanır. Bu, heç də belə deyil. Proqressiv dünya Marsa uçur, Veneraya uçmağa hazırlaşır”.

Elşin Şıxlı vəziyyətdən çıxış yollarından birinin qərbdə təhsil almış gənclərin ölkəyə qayıtması, onların işləyib biliklərinin tətbiqi üçün şərait yaradılması olduğunu deyib. Onun fikrincə, cəmiyyətdə normal nəsil dəyişməsi baş verməlidir.

“Bir nəsildən digərinə keçid normal baş verməyəndə cəmiyyətin gələcəyi sual altında olur. Biz indi bu uçurumun qarşısındayıq”, deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə söz, fikir, media azadlığının tam təmin edildiyini, hətta bu sahədə bir sıra qərb ölkələrindən də qabağa gedildiyini bildirir.

Daha çox göstər
Back to top button