2020-ci ilə Azərbaycanın borcu ÜDM-in həcminə bərabər olacaq?
“Exo” qəzetində “2020-ci ilə Azərbaycanın borcu ÜDM-in həcminə bərabər olacaq?”sərlövhəli yazı diqqət çəkir.
Yazıda ölkənin xarici borcunun artmasının səbəbləri ekspert Natiq Cəfərli ilə müzakirə edilir:
“İki il bundan öncə Azərbaycanın xarici borcu Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 8 faizi həcmində idi. İndi isə rəsmi rəqəmlərə istinad etsək borc ÜDM-in 18 faizinə bərabərdir (7 milyard dollardan bir qədər çox – A.R). Bunu da nəzərə alaq ki, Azərbaycanda xarici borcu hesablamağın spesifik formatları var”.
Ekspert deyib ki, borcun artıq xərclənmiş hissəsi hesablanır. Amma götürülmüş və gələcəkdə xərclənəcək hissəsi, eləcə də Dövlət Neft Şirkətinin dövlət zəmanətilə aldığı borclar hesaba alınmır.
“Məsələn, SOCAR-ın xarici borcu demək olar ki, ölkənin bütünlükdə xarici borcuna bərabərdir. Bütün dünyada xarici borc bütün göstəricilərdən irəli gələrək küll halında hesablanır. Azərbaycanda da bu hesablama üsulu tətbiq olunsa xarici borc ÜDM-in həcminin yarısına bərabər olar”.
N.Cəfərli vurğulayıb ki, ötən iki il ərzində ölkənin xarici borclanması güclü şəkildə artıb. Xarici borcun hesablanma qaydalarına riayət olunsa 2020-ci ildə bu borc ÜDM-un həcminə yaxınlaşacaq.
Ekspert xatırladıb ki, iki il əvvələ qədər il ərzində dövlət zəmanətilə xarici borclanmanın həcmi 4 milyard manat həddində müəyyən edilmişdi. İndi isə həmin həcm 10 milyard manat həddində müəyyən edilib.
Müəllif vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində dövlət borcunun ödənilməsindən ötrü 2262,8 milyon manat ayrılması planlaşdırılır. Bu isə 2017-ci ilin göstəricilərindən 621 milyon manat çoxdur.
Bundan əlavə, daxili borcun bağlanmasından ötrü 103 milyon manat ayrılır.