Ekonomika

Qubad İbadoğlu: ”2018-ci ilin büdcəsi ”neft qoxulu”, ”cərimə” və korrupsiya büdcəsi olacaq”

Qubad İbadoğlu: ”Büdcənin 40 faizinin necə xərclənməsindən heç parlament üzvlərinin də xəbəri yoxdur”.

“Son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfert gəlib”.

“Meydan.tv” saytına əsasən, Milli Məclisin noyabrın 21-də keçirilən iclasında iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə belə deyib.

O, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsinin qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcəyini söyləyib: “Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla, ildə cəmi 1,8-2 milyard. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə olub – 4 milyard manat. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ildə olub. Gəlirlər 4,3 milyard manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik. Yenə də ciddi müzakirələr olduğunu düşünmürəm. 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 217 milyon manat olacaq. Eyni zamanda, növbəti ildə 20 milyard 905 milyon manat xərcləmək niyyətindəyik. Büdcənin gəlirləri ilə xərcləri arasında 724 milyon 92 min manat fərq yaranır. Bu da büdcə kəsiri adlanır. Yəqin ki, bu kəsirin örtülməsi istiqamətində Azərbaycan hakimiyyəti əvvəl olduğu kimi yenə də borclanmaya gedəcək”.

Qubad İbadoğlu deyir ki, 2018-ci ilin büdcəsinin əsas gəlirləri neftdən asılıdır. Azərbaycan Dövlət Neft Şirkətindən büdcəyə 9 milyard 216 milyon manat vəsait köçürüləcək. Bu da builki transferlə müqayisədə 3 miyard 116 milyon manat (51.1 faiz) çoxdur: “Bu, ciddi artımdır. İl ərzində neftin qiyməti bu qədər artmırsa, neft gəlirləri çoxalmırsa, bu qədər transferin nəzərdə tutulması sual doğurur. Səbəb sadədir. Qeyri-neft sektoru ilə bağlı aparılan siyasətin nəticəsi olmadı. Hesab edirdilər ki, qeyri-neft sektoru inkişaf edəcək, vergi verəcək, dövlət büdcəsi bundan bəhrələnəcək. Ancaq bu, baş vermədi. Neft sektorundan dövlət büdcəsinə transfer etməklə, büdcədən xərcləmələri artırdılar. Bu xərcləmələr isə vətəndaşların rifahı üçün yox, tikintilər üçün istifadə ediləcək”.

İqtisadçı deyir ki, büdcənin 40 faizi cəmiyyət üçün qapalıdır. Həmin xərclərin necə, hara, kimə ayrıldığı bilinmir: “Bura da tikinti, müdafiə, məhkəmə, prokurorluq, bir sözlə, hüquq mühafizə orqanlarının və əsas bölməyə daxil edilməyən xərclər büdcəsi daxildir. Bunlar da büdcənin təxminən 40 faizini təşkil edir. Bu vəsaitlərin isə necə xərclənməsindən nəinki bizim, heç parlament üzvlərinin də xəbəri yoxdur”

Daha çox göstər
Back to top button