Siyasət

Beynəlxalq hüquq müdafiə təşkilatları Şərq Tərəfdaşlığı sammitindən öncə Əliyevə təyziq göstərməyə çağırdı

Dünyanın 37 nüfüzlu beynəlxalq hüquq müdafiə təşkilatı Avropa Birliyi və Avropa dövlət rəhbərlərinə İlham Əliyevlə bağlı açıq məktub yazdı. Məktub Avropa Birliyi Komissiyasının prezidenti Jean-Claude Juncker, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk, Avropa Birliyi parlamentinin sədri Antonio Tajani, eləcə də Avropa Birliyinə üzv olan 28 dövlətin başçılarına və xarici işlər nazirlərinə ünvanlanıb. Bu barədə Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının rəsmi saytı məlumat yayıb.

Açıq məktubda Avropa liderlərinin diqqəti Azərbaycanda insan hüquq və azadlıqlarının acınacaqlı vəziyyətinə, ölkədə geniş yayılmış korrupsiyaya cəlb olunur.

Avropa liderlərinə çağırış edilir ki, İlham Əliyevin 24 noyabrda nəzərdə tutulmuş Brüssel səfəri zamanı onunla Azərbaycandakı vəziyyətlə bağlı açıq və prinspial söhbət aparılsın. Avropa liderləri İlham Əliyevi bütün siyasi məhbusları azad etməyə, mətbuat azadlığını, o cümlədən internet azadlığını təmin etməyə, vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yaratmağa çağırsınlar.

Açıq məktubda xüsusi olaraq vurğulanır ki, son ifşa olunmuş 3 milyard dollarlıq korrupsiya əməliyyatından da göründüyü kimi, Azərbaycan hakimiyyəti Avropa siyasətçilərini satın almağın və demokratik dəyərlərə hörmət etmədən indiyəqədərki siyasətini davam etdirmәyin mümkün olduğunu düşünür.

Məhz Azərbaycan hakimiyyətinin belə düşünməsinə imkan verməmək üçün İlham Əliyevə çox açıq şəkildə deyilməlidir ki, Avropa Birliyilə gələcək əlaqələrin, o cümlədən üzərində iş davam etdirilən ikitərəfli sazişin taleyi Əliyev hökumətinin siyasi məhbusları azad edib, davamlı siyasi islahatlara başlamasından birbaşa asılı olacaq.

Daha çox göstər
Back to top button