Əfqan Muxtarlı: ‘Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan’
«Mənim elədiyim hörmətsizlik deyil. Hörmətsizlik odur ki, işlə tanış olmadan, papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan…», – həbsdə olan jurnalist Əfqan Muxtarlının sözləridir. “Azadliq.org” saytına əsasən, bunları məhkəmədə onun işi üzrə ittihamı müdafiə edən prokurorun ünvanına söyləyib.
Balakən Rayon Məhkəməsində Ə.Muxtarlının mühakiməsi başlayıb. Noyabrın 30-da məhkəmənin hazırlıq iclasında jurnalistin vəkilləri Nemət Kərimli və Elçin Sadıqov bir neçə vəsatət qaldırıblar.
«MÖTƏBƏR SÜBUTLAR YOXDUR»
Öncə N.Kərimli jurnalistin qəfəsdən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Deyib ki, bu, müdafiənin qurulması, lazım olanda vəkillin müvəkkili ilə məsləhətləşməsi baxımından vacibdir.
Hakim Hümbət Səlimov əvvəl razılaşmasa da, sonra fikrini dəyişib – Ə.Muxtarlı müdafiəçilərinin yanına gətirilib.
N.Kərimli hüquqlarını müdafiə etdiyi şəxs haqqında cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Deyib ki, Əfqanın Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməsi, üstündə pul gətirməsi haqda yazılanlar yalandır. Müdafiəçinin sözlərinə görə, bu ittihamı təsdiqləyən mötəbər sübutlar da yoxdur:
«Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq gətirilib və ona bu ittihamlar verilib. Bunu sübut edən bir sıra faktlar da var. Məsələn, Gürcüstan prezidenti 14 sentyabr bəyanatında bildirir ki, «Əfqan Muxtarlıya qarşı baş verənlər ölkənin suverenliyinə və təhlükəsizliyinə zərbədir». Avropa Parlamentində 90 nəfər deputatın iştirakı ilə qəbul edilən qətnamədə də Əfqanın oğurlanıb gətirildiyi öz əksini tapıb. Gürcüstanda bu məsələ ilə əlaqədar adam oğurluğuna görə cinayət işi başlanıb. Bütün bunlar daha mötəbər sübutlardır. Əfqan Muxtarlı haqqında cinayət işində ittiham tərəfinin sübutları sərhəddəki əsgərlərin ifadələridir. Əmr altında olan əsgərlər istənilən ifadəni verə bilərlər».
Qısa müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını açıqlayıb. Məhkəmə baxışı dekabrın 14-nə təyin olunub.