Siyasət

Hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Buna səbəb isə şəhər rəhbərliyinin onların noyabrın 18-də keçirmək istədiyi mitinqə icazə verməməsidir. Bu haqda AzadlıqRadiosuna məhkəmədə iddia qaldırmış hüquqşünaslardan Samirə Ağayeva məlumat verib.

“Azadliq.info” saytına əsasən, hüquqşünasların iddiasına 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova baxacaq. Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən hüquqşünaslar arasında S.Ağayeva ilə yanaşı, Xalid Bağırov, Namizəd Səfərov da var.

Hüquqşünasların bir araya gələrək yaratdıqları Praktik Hüquqşünaslar Qrupu (PHQ) qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq, mitinq keçirmək istəyirdi. Söhbət nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qoyulan qadağadan gedir.

Hüquqşünaslar mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq paytaxt rəhbərliyi noyabrın 15-də onlara imtina cavabı verib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab məktubunda hüquqşünaslara xatırladıb ki, onların narazı olduğu dəyişiklikləri artıq ölkə başçısı imzalayıb, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button