Təhlil

«Hökumətdən həyəcan təbili: «Kölgə iqtisadiyyatı» təhlükəyə çevrilir»

«Novoye Vremya» qəzetində «Hökumətdən həyəcan təbili: «Kölgə iqtisadiyyatı»təhlükəyə çevrilir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda «kölgə iqtisadiyyatı»nın problem olması çoxdan bəllidir. Bəzi araşdırmalara görə, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 2/3 hissəsi qeyri-formal sektorun payına düşür:

«Bu haqda Beynəlxalq Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının qlobal «kölgə iqtisadiyyatı»nın qiymətləndirilməsi və inkişaf proqnozuna dair tədqiqatlarında yazılır. Tədqiqatın nəticələrinə görə, Azərbaycanda ÜDM-də «kölgə iqtisadiyyatı»nın payı 67 faizə çatır. Bu da dünya üzrə orta göstəricidən 3 dəfə yuxarıdır».

Yazıda vurğulanır ki, yüksək vergi yükü, dövlətin biznesə təzyiqi, yoxsulluq, işgüzar sövdələşmələr və əməliyyatların rəsmiləşdirilmədən aparılması «kölgə iqtisadiyyatı»nı inkişaf etdirir.

Müəllif hesab edir ki, Azərbaycanda qeyri-formal biznesin çiçəklənməsi korrupsiyanın yüksəlməsinə, demokratik institutların zəifləməsinə və iqtisadiyyatın geriləməsinə təsir göstərir: «Beləliklə, Azərbaycan milli ÜDM-də «kölgə iqtisadiyyatı»nın payına görə MDB üzrə qonşularından çox irəlidədir»

Yazıda vurğulanır ki, «kölgə bazarı»nda milyardlar dövr edir. Bundan nə dövlətə, nə də xalqa fayda dəyir.

Yazıda əcnəbi iqtisadçı Robin Hodessin də «kölgə iqtisadiyyatı» haqqında fikirlərinə yer verilib. O deyib ki, «kölgə iqtisadiyyatı»ndan gələn istənilən gəlir qısaömürlüdür:

«Çünki vergi orqanlarından gizlədilən gəlir nəticə etibarilə ən aztəminatlı əhali təbəqəsinin sosial durumuna mənfi təsir edir».

Yazıda vurğulanır ki, «kölgə iqtisadiyyatı» ilə mübarizə ciddi islahatlar tələb edir.

Daha çox göstər
Back to top button