Siyasət

Məmurların villalarının görüntüləri Mehman Hüseynovun məhkəməsində…

Həbsdə olan bloqqer Mehman Hüseynovun hazırladığı video-reportajlar, o cümlədən müxtəlif nazirlərə məxsus olduğu iddia edilən villaların görüntüləri onun işinə baxan hakimlərə təqdim olunub.

Facebook-dakı bir neçə yüz min izləyicisi olan «Sancaq» səhifəsinin idarəedicisi M.Hüseynovun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Dekabrın 1-də keçirilən məhkəmədə bloqqerin vəkili Şəhla Hümbətova məhkəməyə disk təqdim edib. Müdafiəçi diskdəki görüntülərə məhkəmədə baxılıb qiymət verilməsi haqda vəsatət qaldırıb.

Məqaləni Azadlıq Radiosu yayıb.

«Mehman özü də ifadəsində bildirdi ki, həbs olunmasının da, ondan əvvəl təzyiqlərə məruz qalmasının da səbəbi jurnalist fəaliyyəti, ölkəni idarə edənlərin biznesi, əmlakları haqda video-reportajlarıdır. Məmurların villaları haqda video-reportajlar ölkədə geniş yayılıb, əhali arasında müzakirələrə səbəb olub. Bu diskdə Mehman Hüseynovun həmin reportajları toplanıb. Bunlara baxanda bir daha aydın olur ki, Mehmanı niyə həbs eləyiblər», – Ş.Hümbətova bildirib.

M.Hüseynovu həbs etdirən Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov deyib ki, bu vəsatət təmin olunmamalıdır. Çünki bloqqerə verilən ittihama aidiyyəti yoxdur:

«Mehman Hüseynov konkret bir müsahibəsində səsləndirdiyi fikirlərə görə məsuliyyətə cəlb olunub. Onun hansısa dövlət məmurları haqqında çıxışlarının bu işə nə aidiyyəti var?».

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakim diski iş materiallarına əlavə etməkdən də imtina edib. Disk vəkilə qaytarılıb.

Ardınca hakim məhkəmə istintaqının tamamlanması, çıxışlar mərhələsinə keçid haqda tərəflərin fikirlərini soruşub. Bloqqerin vəkilləri deyib ki, onsuz da heç bir istintaq, araşdırma aparılmadı, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmadı. Amma prosesi lüzumsuz yerə uzatmamaq üçün məhkəmə istintaqı mərhələsinin yekunlaşmasına etiraz etmirlər.

Elə M.Hüseynov özü də qısa müddətdə yekun qərarın verilməsini istəyib.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Ardınca vəkillər çıxış etmək istəsələr də, hakim prosesi dayandırıb. Məhkəmə dekabrın 15-nə qədər təxirə salınıb.

Daha çox göstər
Back to top button