Təhlil

Azərbaycan Avropanın ən yoxsul dövlətləri siyahısında

«Exo» qəzetində «Azərbaycan Avropanın ən yoxsul dövlətləri siyahısında» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Ukrayna ekspertləri Avropanın əhalisi ən yoxsul dövlətlərinin siyahısını hazırlayıb və siyahı texty.org.ua saytında yerləşdirilib.

Müəllif vurğulayır ki, ekspertlər siyahını ölkə əhalisinin vergi ödənişlərindən sonra əlində qalan təmiz gəliri meyarı əsasında tərtib ediblər.

Ekspertlərin gəldiyi nəticəyə görə, bu sırada ən yoxsul Avropa ölkəsi elə Ukraynanın özüdür. Əhalinin gəliri cəmi 190 avrodur. Daha sonrakı yerdə 216 avro gəlirlə Moldova, ondan sonra isə 232 avro ilə Azərbaycan qərarlaşıb.

Yazıda bu rəy ətrafında Azərbaycanın yerli ekspertlərinin də fikri öyrənilib.

«Azərbaycanın ən aşağı maaşlı ölkələrdən biri kimi «antireytinq üçlüyü» sırasına düşməsi təəccüblü deyil. Amma Azərbaycanda minlərlə vətəndaşın əlavə gəlirləri var. Rəsmi gəlirdən danışsaq, Azərbaycan hazırda əhalinin belə gəlirlərinə görə ən yoxsul ölkələrdən biridir, bunu minimum əməkhaqqı da göstərir», – deyə ekspertlər qəzetə bildiriblər.

Ekspertlərə görə, Azərbaycan əhalisinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasının səbəbi 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğramasıdır. Onlar başqa bir səbəb kimi isə qazancda əks edilməyən «boz» gəlirləri göstərirlər:

«Tədqiqatçılar reytinqləri tərtib edərkən ancaq rəsmi gəlirləri əsas götürüblər. Amma Azərbaycan əhalisinin çoxu «boz» gəlirlərə malikdir. Bunlar «zərf»lərdə verilir və bu vəsaitlər heç bir maliyyə sənədində qeydə alınmır. Belə vətəndaşların sayı çoxdur. Ölkədə bu qadağan olunsa da, amma faktdır və buna kifayət qədər nəzarət olunmur. Ölkədə «ikili mühasibat» və ya «qara mühasibat» mövcuddur. Çoxları gəlirinin cüzi hissəsini rəsmi, əksər hissəsini isə qeyri-rəsmi alır».

Daha çox göstər
Back to top button