İctimaiyyət

Heykəl məhbusuna və atasına hökm oxundu

Bu gün Yasamal Rayon Məhkəməsində hazırda həbsdə olan Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə H.İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Q.İbrahimovun da 10 illik cəzası daha 3 ay artırılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.İbrahimov və atası H.İbrahimovun hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Q.İbrahimov digər fəal Bayram Məmmədovla ötən il mayın 10-da saxlanmışdı.
Daxili İşlər nazirliyinin yaydığı məlumata görə, Q.İbrahimovdan 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqlarına görə həbs olunduqlarını deyiblər.
Q.İbrahimov və B.Məmmədov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən ay Q.İbrahimov və atası H.İbrahimova qarşı əlavə ittiham irəli sürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik etmə) ilə təqsirli bilinirdi.

Daha çox göstər
Back to top button