“Azərbaycanda irsən keçmiş diktatura mövcuddur”
Rusiyanı Avropa Şurası Parlament Assambleyasına bərpa etmək hüququn aliliyinə zərbə riski yaradır. Bunu “The Financial Times” qəzetində müstəqil təhlilçi Willem Aldershoff və Université Libre de Bruxelles-də Avropa hüququ üzrə fəxri professor Michel Waelbroeck yazırlar.
“Azadlıq.info” saytına əsasən, müəlliflər Avropa Şurasının 1949-cu ildən bəri Avropa qitəsində insan haqları, demokratiya və hüququn aliliyini təbliğ etdiyini vurğulayırlar. Və şuranın əsas uğurlarından biri kimi Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) yaradılmasına qeyd edirlər, bu qurum öz ölkələrində ədalətsizliklə üzləşmiş vətəndaşların hüquqlarını bərpa etməyə çalışır.
“1991-ci ildə Sovet İttifaqı dağılandan sonrakı genişlənmə yeni üzvlərin demokratik təcrübəsinin yoxluğu səbəbindən riskli sayılırdı. Ancaq yenə də çoxları ümid edirdi ki, üzvlük onları demokratiya yolunda addımlamağa həvəsləndirəcək.
Amma Azərbaycan və Rusiyayla bağlı təcrübə heç xoş olmayıb.
Bu gün Azərbaycan irsən keçmiş diktatura, Rusiya isə getdikcə daha da avtoritarlaşan bir ölkədir. Hər ikisi ölkəiçi siyasətin, demək olar, hər bir sahəsində qurumun fundamental prinsiplərinə sayqısızlıq sərgiləyir. Rusiyanın 2015-ci ildə qəbul etdiyi qanun Konstitusiya Məhkəməsinə imkan verir ki, AHİM-in qərarlarını Rusiyada hüquqi baxımdan qüvvəsiz saysın.
Di gəl, hər iki ölkə özlərini tam demokratik kimi təqdim edir, Avropa Şurası üzvlüyünü saxlamağa çalışırlar”, – müəlliflər yazır.
Daha sonra məqalədə Azərbaycanın AŞPA üzvlərinə rüşvət verməsinə dair iddialar yada salınır.