İctimaiyyət

Apelyasiya bloger Namiq Sadıqlının şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi dekabrın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bloger Namiq Sadıqlının şikayətini təmin etməyərək, onun inzibati qaydada 30 gün müddətinə həbs edilməsi barədə qərarı qüvvədə saxlayıb.

Bloger noyabrın 30-da saxlanılıb və dekabrın 1-də məhkəmənin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis nümayəndəsinin qanuni tələblərinə tabe olmama) maddəsi ilə 30 gün müddətinə həbs edilib.

Vəkil Əsabəli Mustafayev Turan agentliyinə bildirib ki, Sadıqlının həbsindən verdiyi apellyasiya şikayətinə baxılması əsassız və qanunsuz olaraq 12 gün uzadılıb.

Onun sözlərinə görə, təhqiqat formal xarakterli olub.

“Biz bir sıra vəsatətlər qaldırdıq. Xüsusən, əlavə şahidlərin dindirilməsini, Sadıqlının kirayə mənzil tutduğu binanın videomüşahidə kameralarına baxılmasını xahiş etdik. Polis onun özünü “şübhəli apardığını, sənədlərini tələb etdikdə isə tabe olmadığını” iddia edir.

Amma belə bir şeyin olmadığını təsdiq edə biləcək şahidlər var. Əslində polis əməkdaşları bina komendantından Sadıqlının yanına çıxıb aşağı enməsini istəməyi tələb ediblər, əks halda onu ailə üzvlərinin gözü qarşısında birbaşa evindən götürəcəklərini deyiblər. Amma məhkəmə əlavə şahidlərin dindirilməsindən imtina edib”, deyə vəkil bildirib.

Müdafiə tərəfi apellyasiya şikayətində həmçinin blogerin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ), 10-cu (ifadə azadlığı), 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulması məsələsini qaldırıb. Amma məhkəmə vəsatəti və şikayətin özünü təmin etməyib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayacaq.

Daha çox göstər
Back to top button