Gənclərin sayında on ildə 281 min nəfər azalma olub
0-14 yaşlı yeniyetmələrin sayı 313 min nəfər, 15-19 yaşlı gənclərin sayı 282 min nəfər, 20-24 yaşlı cavanların sayı 104 min nəfər azalıbsa, Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun ölkədə izafi işçi qüvvəsinin olması haqqında danışmağa üzü olmamalıydı. Onun doğum səviyyəsinin və bu fonda gənclərin sayının artması haqqında dedikləri cəfəngiyyatdır…
Səlim Müslümovun dediyinin tam əksinə olaraq Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar göstərir ki, 2011-ci ildən başlayaraq bu günədək ötən dövrdə ölkədə doğulanların sayı mütəmadi şəkildə azalmağa başlayıb: 2011-ci ildə 176,072 min nəfər, 2016-cı ildə 159,500 min nəfər, 2017-ci ilin 10 ayında 120,035 min nəfər (ilin sonunadək 144 min nəfər gözlənilir). 2011-ci illə müqayisədə 2016-cı ildə doğulanların sayı 16,6 min nəfər və ya 9,4% azalıb. 2016 və 2017-ci illərin 10 aylıq göstəricilərinin müqayisəsi göstərir ki, doğulanların sayı bu il daha 13,2 min nəfər azalıb. Bunu da üzərinə gəlsək, doğulanların sayı üzrə 29,8 min nəfər azalma ortadadır.
Qeyd edilən dövrdə doğulanların sayının azalması ölüm hallarının artması (5,3%) ilə müşayiət olunduğundan əhalinin təbii artım göstəricisi 2011-2016-cı illərdə 15,9% pisləşib. Bu ilin 10 ayında (ötən ilə nəzərən) təbii artım göstəricisində 2016-cı ilə nəzərən daha 16,6% azalma qeydə alınıb.