Ekonomika

Minimum əməkhaqqına görə Çad da Azərbaycanı qabaqlayır

Qubad İbadoğlu

2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək.

Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

2018-ci il üçün işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb. Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki, əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur.

Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır.
Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır. Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir. Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir.

Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır. Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.

Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından – Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir.

Daha çox göstər
Back to top button