Siyasət

Rusiya DQ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşdirilməsini alqışlayır

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşdirilməsini alqışlayır.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “İnterfaks”a müsahibəsində bildirib.

“Rusiya danışıqlar prosesinin aktivləşdirilməsini, o cümlədən qarşıdakı nazirlər görüşünü (2018-ci il yanvar ayının ikinci yarısında – red.) alqışlayır və danışıqların məhsuldar alınmasında maraqlıdır”, – Q.Karasin deyib.

Onun sözlərinə görə, Rusiya münaqişənin Bakı və Yerevanın mövcud razılaşmalar əsasında güzəştli həlli yollarını axtarmaq səylərini dəstəkləyir: “Minsk qrupunun həmsədrliyi üzrə öz tərəfimizdən tərəfdaşlarla birlikdə münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik yardımını göstərməyə davam edəcəyik”.

O, dekabrın əvvəlində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hələlik konsensusa gəlmək mümkün olmayan məsələləri müzakirə etdiklərini xatırladıb: “Münaqişə zonasında vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün mümkün addımlar nəzərdən keçirilib. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib. Dağlıq Qarabağ münaqişəsinin bu və digər məsələləri ətrafında müzakirələri 2018-ci ilin yanvar ayında vasitəçilərin iştirakı ilə davam etdirmək barədə nazirlər razılığa gəliblər”.

Daha çox göstər
Back to top button