Ekonomika

Azərbaycanda «ağır xəstə olan» bankların sayı 2018-ci ildə daha da artacaq

«Exo» qəzetində «Azərbaycanda «ağır xəstə olan» bankların sayı 2018-ci ildə daha da artacaq» sərlövhəli yazı dərc edilib.

Müəllif tövsiyələrə baxmayaraq, 2017-ci ildə bankların birləşə bilməmələrinin səbəblərini və bu sahədəki vəziyyəti ekspert Əkrəm Həsənovla təhlil edib. Ə.Həsənov qəzetə deyib ki, bu sahədə vəziyyət son dərəcə ağırdır:

«Bankların konsolidasiyasının (birləşməsi) guya onların vəziyyətinin yaxşılaşması üzündən baş vermədiyi haqda düşüncələr əsassızdır. 2017-ci ildə təkcə «Caspian Development Bank» «Atabank»la birləşə bildi. Bu da ona görə baş tutdu ki, bu bankların sahibi eyni şəxsdir. Odur ki, burada hansısa birləşmə prosesindən danışmaq mümkün deyil».

Ekspert deyib ki, iki problemli bank birləşmək istəyirsə, burada söz sahibləri birləşmə şərtlərini, problemli kreditləri və əmanət axını məsələlərini müzakirə edirlər. Bu isə onun düşüncəsinə görə, sadə proses deyil:

«Bizim problemlər o qədər dərindir ki, bankların birləşməsi belə, ölkənin bank sektorunun problemlərini həll etmir. İkinci, banklar maliyyə məsələləri üzündən birləşə bilmirlər. Tutaq ki, bir bankın kredit portfeli 500 milyon manatdır, 200 milyon manatlıq da problemli krediti var. İkinci bankın isə kredit portfeli 300 milyon manat, problemli krediti isə 100 milyon manatdır. Burada artıq üçüncü tərəfin köməyi lazımdır, kim kömək etməlidir? Dövlət, ya Mərkəzi Bank? Özü də bu kömək uzunmüddətli, aşağı faizlə olmalıdır. Bu kömək olmadığı üçün məsələ həllini tapmır».

Ə.Həsənov vurğulayıb ki, birləşməyə mane olan daha bir səbəb ölkə banklarının təqdim etdikləri maliyyə hesabatlarına etimadsızlıqdır:

«Banklar bilərəkdən problemli kreditlərin real həcmini az göstərirlər, balans hesabları təhrif edilir. Banklardakı maliyyə fırıldaqları gizlədilir. Birləşmə zamanı isə bütün bunlar üzə çıxacağı üçün birləşmə baş tutmur».

Ə.Həsənov deyib ki, hazırda 31 bankdan 10-u ağır durumdadır, onlar ya birləşməli, ya da ən yaxşısı bazardan getməlidirlər.

Ekspert hesab edir ki, bu il «ağır xəstə banklar»ın sayı arta da bilər.

Azərbaycanda ötən il 1, 2016-cı ildə isə 11 bank bağlanıb. Rəsmi məlumata görə, ölkədə problemli kreditlər 1.8 milyard manatı keçib.

Daha çox göstər
Back to top button