Təhlil

Cəmil Həsənli: “Hesab edirəm ki, Azərbaycanda durum «Freedom House»un açıqladığı hesabatda əks olunanlardan daha ağırdır”

«Hesab edirəm ki, Azərbaycanda durum «Freedom House»un açıqladığı hesabatda əks olunanlardan daha ağırdır», – Milli Şuranın sədri Cəmil Həsənli adıçəkilən qurumun «2018-ci ildə Dünyada Azadlıq» hesabatına münasibət bildirərkən belə deyir. Hesabatda Azərbaycan «qeyri-azad» ölkələr kateqoriyasına salınıb. Bu barədə “Azadliq.org” saytı məlumat yayıb.

Şura sədri ölkədə 160 nəfərə yaxın siyasi məhbus olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı «kritik vəziyyət» yaranıb. C.Həsənli fikrini əsaslandırmaq üçün belə bir misal çəkir:

«Bütün dünya bilir ki, jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanıb. Amma o boyda oğurluq faktı gözardı edilir, adama məhkəmə də keçirilir, iş də verilir. Yəni hüququn bu cür açıq-aşkar, hətta çox tərbiyəsiz şəkildə pozulması insan haqlarının gerçək durumunun göstəricisidir. Və ya xaricdə mühacirətdə olan bir nəfər sosial şəbəkədə fikrini yazdığına görə Azərbaycanda atası, qohumları polisə aparılır, məcbur edilir ki, Facebook-da yazdığı tənqidi fikri pozsun. Vəziyyət son dərəcə ağırdır və bir daha təkrar edirəm ki, «Freedom House»un açıqladığından da ağırdır».

Hesabatda deyilir ki, Amerikada demokratik standartların sürətlə aşılanması nəticəsində yaşanan böhran ucbatından demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur.

Sənəddə qeyd olunur ki, aparıcı demokratiyaların geri çəkilməsindən fürsətlənən Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər.

C.Həsənli ənənəsi olan ölkələrdə, xüsusən də Avropa ölkələrində demokratiyanın geri çəkilmədiyini düşünür. Onun fikrincə, geriləmə Rusiya və Türkiyə kimi ölkələrdə müşahidə olunmaqdadır:

«Məsələn, müxalifətçi Aleksey Navalnını saxta səbəblərlə seçkilərə buraxmadılar. Prezident Vladimir Putin mətbuat konfransında dedi ki, o, Qərbin adamıdır. Yəni Qərbin adamı olduğuna görə adamı seçkilərə buraxmazlar? Bu, açıq-aydın demokratiyanın böhranıdır. Xüsusən də Rusiyada demokratiyanın geriləməsi postsovet ölkələrinə çox mənfi təsir göstərir, o cümlədən də Azərbaycana. Elə bunun nəticəsidir ki, cənab İlham Əliyev yanvarın əvvəlində qeyri-rəsmi bir tədbirdə – MDB dövlət başçılarının görüşündə Putini bütün dünyada sabitliyin və hüququn təminatçısı kimi təqdim etdi. Putini dünyada hüququn təminatçısı kimi təqdim etmək o deməkdir ki, gör indi hüquq hansı vəziyyətdədir».

AzadlıqRadiosu Azərbaycanın rəsmilərindən də hesabatla bağlı açıqlama almağa çalışır. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Freedom House», «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.

Daha çox göstər
Back to top button