Beynəlxalq

Avropa İttifaqının nümayəndəsi İlqar Məmmədovdan danışdı

“2018-ci ilin Aİ və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi ili olacağını gözləyirəm”.

Bu sözləri “Turan” İnformasiya Agentliyinə müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas deyib.

“Bu il Azərbaycan üçün mühüm ildir, belə ki, ölkə dövlətçiliyinin 100 illiyini qeyd edir. Azərbaycan dünyəvi, əhalisinin əksəriyyəti müsəlman olan bir ölkə kimi bütün müsəlman dünyası üçün bir çox sahədə pioner olub. Biz bu nailiyyətləri birlikdə qeyd edəcəyik.

Bu il ikitərəfli münasibətlərimiz üçün də mühüm ildir, belə ki, biz yeni hərtərəfli sazişin imzalanması üzərində işləyəcəyik. Həmçinin, tezliklə Ortaq Aviasiya Məkanı haqqında qarşılıqlı səmərəli Saziş imzalaya biləcəyimizə ümid edirəm. Bu saziş Azərbaycan üçün bir çox imkan açacaq, turistlərin sayını artıracaq, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək və nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da gücləndirəcək” – diplomat qeyd edib.

Kəstutis Yankauskas deyib ki, münasibətlərə daha çox praktik fayda gətirə biləcək sahələrdə iş davam etdiriləcək.

Kəstutis Yankauskas Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarını icra etməməsi məsələsinə toxunub:

“Avropa Şurası və Avropa İttifaqı iki fərqli təşkilatdır. Amma onlar eyni dəyərləri bölüşürlər, onlar bizim üçün çox vacibdir.

Bu yaxınlarda Avropa İttifaqı Azərbaycana İlqar Məmmədovun işi üzrə həll yolu tapmaqda kömək etmək üçün çox şey edib və biz bu məsələ üzərində işi davam etdirəcəyik.

İstənilən təşkilata üzvlük götürülən öhdəliklərin yerinə yetirilməsindən ibarətdir. Hesab edirəm ki, Avropa Şurasına üzvlük bu regionda yerləşən Azərbaycan üçün, onun beynəlxalq mövqeyi və strateji prioritetləri üçün vacibdir.

Spekulyasiyaları kənara qoyaq, onlar əsasən mətbuatda olub. Nəzəri imkanları təxmin etmək yerinə bunun baş verməməsi üçün işi davam etdirəcəyik”.

Daha çox göstər
Back to top button