Siyasət

”Azərbaycan hakimiyyəti insanlığa yaraşmayan hərəkətlərə dərhal son verməlidir”

Sülh və Demokratiya İnstitutu Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin ailəsinə edilən təzyiqlə bağlı bəyanat yayıb.

“Meydan.tv” saytına əsasən, hadisə yanvarın 13-də baş verib. M.Mirzəlinin sözlərinə görə, səhər saatlarında atası Fazil Mirzəliyevi polis saxlayıb. Sonra Bakı şəhərinə gətirilib, axşam saat 7 radələrində isə azadlığa buraxılıb, əvəzində kürəkəni Elman Ağayev saxlanılıb.

Sülh və Demokratiya İnstitutu bəyan edib ki, Azərbaycan hakimiyyəti bu cür insanlığa yaraşmayan hərəkətlərə dərhal son verməli, ölkədə insan və hüquq azadlıqlarına hörmət etməli və tənqidi fikirlərə dözümlü yanaşmalıdır:

“Eyni zamanda Sülh və Demokratiya İnstitutu “Human Rights House”, “Freedom House”, ABŞ Dövlət Departamenti, Avropa Şurasının Azərbaycanla işləyən strukturlarını və digər beynəlxalq qurumları bu olayı diqqətdə saxlamağa çağırır”.

Həmçinin bildirilir ki, yanvarın 23-də təşkilatın rəhbəri Leyla Yunus hüquq müdafiəçilərinin Avropa Parlamentindəki tədbirində iştirak edəcək. Toplantıda Əliyev rejiminin siyasi girovları haqqında müzakirələr aparılacaq.

Bu, xaricdə yaşayan azərbaycanlıların ailələrinə edilən ilk basqı deyil. Daha öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, Meydan TV-nin direktoru Emin Millinin, Meydan TV-nin əməkdaşları Günel Mövlud və Camal Əlinin, video-bloger Orduxan Teymurxanın, siyasi mühacir Tural Sadıqlının və digər siyasi və ictimai fəalların ailələrinə də təzyiqlər olub.

Daha çox göstər
Back to top button