İctimaiyyət

Məhkəmə Gözəl Bayramlını üç il müddətinə azadlıqdan məhrum edib

Qazax rayon məhkəməsində Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının işi üzrə prosesdə prokuror onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Öz növbəsində, müdafiə tərəfi ittihamın əsassız olması ilə əlaqədar Bayramlıya bəraət verilməsini istəyib, bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

Bayramlı özü son sözündə bir daha cinayət işinin siyasi xarakterli olduğunu bildirib. Amma hakim onun çıxışını yekunlaşdırmasına imkan verməyib və hökmün elan olunmasını saat 17:30-a təyin edib.

Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onun barəsində CM-in 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.

İstintaqın məlumatına görə, Bayramlının baqajına baxış zamanı guya onun bəyan etmədiyi 12 min dollar aşkar edilib.

Bayramlı bildirib ki, pulu onun üzərinə qəsdən qoyublar, həbsi isə siyasi sifariş xarakteri daşıyır. O, həmçinin bildirib ki, Gürcüstana müalicəyə getmişdi və son iki ildə üç dəfə orada əməliyyat olunub.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Bayramlını siyasi məhbus kimi tanıyıblar.

Daha çox göstər
Back to top button