Siyasət

ATƏT-in müşahidə missiyasının genişləndiriləcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

“Həmsədrlər tərəfindən söylənilən fikirlər hər iki tərəf üçün məqbul sayılan həll yolunun tapılmasına kömək etmək məqsədi daşıyır. Bizim “üçlüyün” fevral ayının birinci ongünlüyündə regiona nəzərdə tutulan səfəri zamanı və Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz çərçivəsində tərəflərin mövqeyini dəqiqləşdirməyə ümid edirik”.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşünün nəticələrinə müvafiq olaraq həmsədrlər fevral ayının birinci öngünlüyündə regiona səfər etməyi planlaşdırırlar.

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər”-deyə o  qeyd etdi.

İ. Popov regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini də söyləyib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunacaq.

Daha çox göstər
Back to top button