Təhlil

Davosdan sonra nəticələr: Əliyevin aparıcı dövlət başçıları ilə isti münasibətləri yoxdur

İsveçrədə Davos şəhərində baş tutmuş Dünya İqtisadi Forumunun illik toplantısı əvvəlki illərdən bir məqamı ilə fərqləndi. Bu dəfə toplantıda 70 dövlətin başçısı iştirak edib. Bu, 1971-ci il forumundan sonra rekord sayılır.

Konkret olaraq, ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Metkel, Böyük Britaniya baş naziri tereza Mey, Fransa prezidenti Emmanuel Makron, o cümlədən, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker foruma qatılıblar.

Davos forumunda iştirak edən Avropanın aparıcı dövlətlərinin liderlərinin sayına görə tədbiri Avropa İttifaqının qeyri-rəsmi sammiti kimi adlandıranlar oldu. Dörd günlük forumda Hindistanın, Kanadanın, İtaliyanın, Yunanıstanın, İsrailin baş nazirləri, Argentinanın, Braziliyanın prezidentləri və digər dövlət başçıları məruzə ediblər.

Azərbaycan prezidenti İlham Əliyev “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada çıxış edib.
Ancaq prezidentin Avropanın və Qərbin aparıcı dövlətlərinin başçıları ilə görüşünün baş tutmaması sual doğurur.

“Meydan.tv” saytına əsasən, siyasi icmalçı Zərdüşt Əlizadə hesab edir ki, Davos Forumu işgüzar klubdur və qərarları icbari deyil.
O, İlham Əliyevin Avropanın aparıcı ölkə rəhbərləri ilə görüşməməsində mənfi çalar görmür:“Azərbaycanın Avropa ölkələri ilə hansı ortaq işi var? Qaz və neft satırıq, vəssalam”.

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı prezident Əliyevin aparıcı dövlət başçıları ilə görüşünün alınmamasını iki amillə bağlayır: “Bu cür beynəlxalq tədbirlərdə bütün görüşlər əvvəlcədən planlaşdırılır. Hər dəqiqə və hər gün ölkə başçıları üçün çox önəmlidir. Görünən, odur ki, Azərbaycanla bağlı hansısa məsələni planlarına daxil etməyiblər. İkinci, təbii ki, hansısa qısa təmaslar ola bilərdi, önəmli mövzular müzakirə olunmasa da:“Bu, ondan xəbər verir ki, İlham Əliyevin aparıcı dövlət başçıları ilə isti münasibətləri yoxdur. Münasibətlər yaxşı olsaydı, qısa zaman şəraitində təmas olardı. Nəhayət, Azərbaycanın hansı iqtisadi potensialına diqqət yetirilməlidir, yəni hansı iqtisadi gücümüz var ki, bununla bağlı prezidentlə müzakirələr açsınlar. Ən azı Əliyev dövründə Azərbaycan dünya çapında dövlətə çevrilməyib, həm də Qərb ölkələri ilə strateji tərəfdaş ola bilməmişik. Bu isə aparılan siyasətin təzahürüdür”.

Daha çox göstər
Back to top button