İctimaiyyət

Əvəz Zeynallı: Baş Prokurorluğa çağırılmağım söz azadlığına basqıdır

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı yanvarın 26-da Baş Prokurorluğa çağırılıb.

Baş redaktoru Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Bir saat davam edən söhbət zamanı jurnalistə xəbərdarlıq elan olunub, amma o, xəbərdarlığı imzalamayıb.

Bu barədə baş redaktor Meydan TV-yə danışıb.

Jurnalist deyib ki, o, birinci müavin Rüstəm Usubova heç bir xəbərdarlığı qəbul etmədiyini söyləyib:

“Bildirdim ki, siz baş redaktora nə yazacağını diktə etməməlisiniz, siz öz işinizi, biz də öz işimizi görməliyik. Ötən dəfə də oxşar xəbərdarlıq olmuşdu, amma imza atmamışdım. Sadəcə, bu dəfə ötən dəfəkindən normal davrandılar”.

Əvəz Zeynallı Baş Prokurorluğa çağrılmasını söz azadlığına basqı kimi dəyərləndirib:

“Artıq müsahibələrdə belə sərbəst olmamaq diktə edilir. İkinci, mənə “Facebook”-da yazdığım paylaşımlarla bağlı irad tutuldu. Həmin paylaşımlarda jurnalistlər – Əfqan Sadıqov, Əziz Orucov, Əfqan Muxtarlı və digərləri ilə bağlı məhkəmə qərarlarından bəhs etmişəm, yeni repressiv dalğanın yaşandığını qeyd etmişəm. Çağırılmağımın əsas səbəbi, məncə, elə Mehman Əliyevlə müsahibəm idi. Paylaşımları da onun “gözünə qatdılar”. Mənə bildirildi ki, belə status, müsahibələrlə ictimai rəyi çaşdırıram. Nəhayət, prezidentin təyin etdiyi adamları tənqid etmək olmaz mesajları verilir. Bu, o qədər geniş təzyiq arealı əhatə edir ki, yalnız mətbuat azadlığına təzyiq sayıla bilər”.

Baş Prokurorluğun mətbuat xidməti jurnalistin xəbərdarlıq edilməsi barədə məlumat yayıb.

Bildirilir ki, “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

“Baş redaktor Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”,-deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Əvəz Zeynallıya müsahibəsində etibarlı mənbələrə istinadən bildirib ki, 2017-ci ilin avqustunda vergidən yayınmaq ittihamı ilə həbs olunmasının təşəbbüsçüsü prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Baş prokuror Zakir Qaralov olub:

“Onlar prezidentə müraciət edərək mənim həbsimin vacibliyini bildiriblər və bunu 2018-ci ildə hakimiyyətə təhlükə törədə bilməyimlə izah ediblər”.

Prezidentin köməkçisi Əli Həsənov “Yeni Müsavat” qəzetinə Mehman Əliyevin açıqlamasından təəssüfləndiyini bildirib:

“Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb. Mehman Əliyev iddia edib ki, onun həbsi cənab prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır”.

Mehman Əliyevin həbs sanksiyası ötən ilin avqustun 24-də 38 min manat məbləğində vergidən yayınmaya dair saxta ittiham əsasında verilib. İşi Vergilər Nazirliyi və Baş Prokurorluq aparıb. Ə.Həsənov və prokurorluq bəyanat veriblər ki, iş siyasi xarakter daşımır. Ancaq oktyabrın 11-də M.Əliyev azadlığa buraxılıb. Vergilər Nazirliyi sentyabrın 30-da cinayət işinə xitam verib. Noyabrın 2-də Baş prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin bağlanması barədə Vergilər Nazirliyinin qərarının Baş Prokurorluq tərəfindən təsdiqlənməsinə dair sənədi öz kabinetində şəxsən Mehman Əliyevə təqdim edib.

38 min manat məbləğində vergidən yayınma ittihamı ləğv edilib və qanunsuz olması məhkəmə qaydasında təsdiqlənib.

Daha çox göstər
Back to top button