Azərbaycan vətəndaşları banklardan öz pullarını tələb etməyə qorxurlar
«Exo» qəzetində «Azərbaycan vətəndaşları banklardan öz pullarını tələb etməyə qorxurlar» sərlövhəli yazı oxumaq olar.
Müəllif ölkə banklarında qalan əmanətlərin taleyini ekspertlərlə müzakirə edib.
«Hazırda bağlanmış banklarda bəzi vətəndaşların böyük həcmdə əmanətləri qalıb. Bu əmanətləri tələb etməyə qorxurlar. Mənə müraciət olanda, ilkin soruşduğum bu olur ki, sona qədər gedəcəksinizmi? Hansısa suallar yarandıqda pulunuzdan imtina etməyəcəksiniz ki? Elə olub ki, vətəndaşlar pullarını geri götürməyə qorxublar. Ona görə də hesab edirəm ki, kapitalın amnistiyası haqqında qanun qəbul olunmalıdır», – deyə ekspertlərdən Əkrəm Həsənov bildirib.
Ekspert deyib ki, görünür, həmin pulların bir hissəsi doğru yollarla qazanılmayıb.
Ə.Həsənov vurğulayıb ki, həmin qanun məbləğin 10 faizini dövlət ödənişlərinə sərf etməklə pullarını ölkəyə gətirmək istəyən vətəndaşların təhlükəsizliyini təmin edəcək.
Ekspert hesab edir ki, 2018-ci ildə də bankların bağlanması gözlənilir. Onun fikrincə, əmanət sığortalanıbsa, bankın bağlanması əmanətlərin qaytarılmasına maneə ola bilməz.
Ekspert deyib ki, illik ödəniş faizləri aşağı olduğundan onsuzda əhali valyutanı banklara yerləşdirməkdə maraqlı deyil.
Sığorta bazarı üzrə ekspert Adil Aslanov da vurğulayıb ki, ölkənin bank sistemi indi dərin böhran içindədir. Onun fikrincə, bankların problemləri birbaşa sığorta bazarının da fəaliyyətinə təsir göstərir:
«Əgər banklar tezliklə böhrandan çıxmasalar və xüsusilə kreditləşməyə başlamasalar, bu, sığorta bazarına çox pis təsir göstərəcək…».