İctimaiyyət

İnsan orqanlarının alveri üzrə davam edən təhqiqatda əsas şahid Azərbaycan vətəndaşı haqqında sensasion ifadə verdi

Rumıniyada insan orqanlarının alveri üzrə davam edən təhqiqatda əsas şahid Yulian Yakob sensasion ifadə verərək Azərbaycandan gedən, avtomatla silahlanmış mühafizəçilərin qoruduğu yüksək rütbəli şəxsin onun böyrəyini necə aldığını danışıb. Bu təhqiqat 2000-2007-ci illər ərzində insan orqanı alveri ilə bağlı cinayətləri əhatə edir. İş üzrə fiqurantlar arasında böyrək transplantasiyasını həyata keçirən doktor Mixay Lukan da var. Yulian Yakob isə təhqiqatda şahid qismində çıxış edir.

Şahid ifadəsində bildirib ki, doktor Mixay Lukanın dostu Emil Sabo onunla əlaqə saxlayaraq böyrəyini 7500 dollara Azərbaycan vətəndaşına satmağı təklif edib. Şahid rumın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yanvarın 23-də onun böyrəyinin çıxarıldığı xəstəxanaya-Kluja şəhərindəki Urologiya və Transplantlogiya Klinikasına aparılıb, orada hadisələrin necə baş verdiyini danışıb.

“Mən böyrəyimi satmaq barədə təklifi qəbul etdim, çünki ciddi maliyyə sıxıntıları içərisində idim. Emil Sabo mənə dedi ki, professor Lukan artıq xarici vətəndaşı böyrək köçürülməsi üçün Rumıniyaya gətirib. Mən həmin şəxsin Azərbaycandan olduğun öyrəndim. Klinikada bizdə qanın uyğunluğunu yoxlamaq üçün analiz apardılar, sonra professor Lukan məndən soruşdu ki, böyrəyimə görə təklif edilən məbləğdən razıyammı. Azərbaycanlını üçü tapança, biri hətta “Kalaşnikov” avtomatı ilə silahlanmış dörd mühafizəçi müşaiyət edirdi. Onlar məni qoruyurdular ki, birdən transplantasiyaya qədər klinikadan qaçaram”-Yulian Yakob bildirib.

Şahid deyib ki, böyrəyini çıxarandan sonra ona 7500 dollar yox, cəmi 2500 dollar veriblər. Emil Sabo ona deyib ki, bundan artıq pul verməyəcək. Çünki o, avtomobilə görə kredit ödəməlidir, doktor Lukan isə villa tikir deyə xərcləri çoxdur. “Doktor Lukan insan orqanları alveri ilə 900 min dollar qazanıb. O, həmin pullar hesabına özünə İsveçrədə villa və Rumıniyada yeni klinika tikib”-Yulian Yakob bildirib.

Şahidin dediyinə görə, silahlıların müşaiyət etdiyi Azərbaycan vətəndaşı Kluja beynəlxalq aeroportuna Rumıniya Hərbi Hava Qüvvələrinin xüsusi “Herkules” hərbi-nəqliyyat təyyarəsində (ehtimal ki, təyyarə ağır vəziyyətdə olan böyrək xəstələrinin nəqli üçün istifadə edilə biləcək “uçan xəstəxana” olub) gətirilib. Onu və yanındakı azərbaycanlıları müşaiyət edənlərin diplomatik pasportları olub. Həmin pasportları Rumıniyanın Vatikandakı səfirliyi vermişdi.

Daha çox göstər
Back to top button