Siyasət

Kanadanın PEN klubu hakimiyyəti Tahir Teymurovu azad etməyə çağırıb

Kanadanın PEN klubu Azərbaycan hakimiyyətinin siyasi mühacir Sahib Teymurovun qohumlarına, xüsusən əmisi oğlu Tahir Teymurova qarşı repressiyalarından narahatlığını bildirib. Bu barədə Turan məlumat yayıb.

“Biz Azərbaycan hakimiyyətini Tahir Teymurovu dərhal azad etməyə çağırırıq və hesab edirik ki, o, Sahib Teymurovun hökuməti tənqid etməsindən narahat olan hakimiyyətin repressiyasından əziyyət çəkir”, deyə Pen Klubda məhbuslar üzrə komitənin sədri Salil Tripati bildirib.

Bəyanat müəllifləri Tahir Teymurovun yoxa çıxmasını, habelə ona qarşı işgəncələr və amansız davranış haqqında ittihamları tez və səmərəli şəkildə araşdırmağı tələb edir.

Siyasi mühacir olaraq Kanadada yaşayan Sahib Teymurov dekabrın 3-də facebook-da Əliyev hökumətini tənqid edən status dərc edib.

Ötən il dekabrın 7-də Azərbaycanda Teymurovun bir neçə qohumu polis tərəfindən saxlanılıb. Onlar Kanadaya ona zəng etməyə və statusu silməyi xahiş etməyə, əks halda problemlərlə üzləşəcəklərini bildirməyə məcbur edilib.

Teymurov statusu silməkdən imtina edib və növbəti gün əmisi oğlu Tahir Teymurov yoxa çıxıb. Onun yeri dekabrın 21-nə qədər naməlum qalıb. Dekabrın 21-də hakimiyyət onun həbsdə olduğunu və narkotik saxlamaqda ittiham olunduğunu təsdiq edib. Buna görə o, 5 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Tahir Teymurovun qohumları onun işgəncələrə məruz qaldığını iddia edirlər.

Daha çox göstər
Back to top button