Ekonomika

Azərbaycan turizm sahəsində də böyük ziyandadır

Azərbaycanda iqtisadi inkişafın yeni drayveri elan olunan turizm sahəsində mənfi saldo qalmaqdadır. Bunu Dövlət Statistika Komitəsinin bu günlərdə yaydığı məlumatlar göstərir. İdarənin hesabatına əsasən, 2017-ci ildə ölkəyə turist axını 2016-cı illə müqayisədə 19,9% artaraq, 2 mln. 696,7 min nəfər təşkil edib. RF-dən gələn turistlərin xüsusi çəkisi 31,7%, Gürcüstandan gələnlər 20%, İrandan gələnlər 13,5%, Türkiyədən gələnlər 11,2%, BƏƏ-dən gələnlər 3,8% təşkil edib. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

Bundan başqa, hesabat dövründə MDB ölkələrindən Azərbaycana turist axını 14,3% artaraq, 1 mln. 6,5 min nəfər, Aİ ölkələrindən gələn turistlərin sayı 17,4% artaraq 105,4 min nəfər təşkil edib.
Ölkədən gedənlərin və ölkəyə gələnlərin strukturu üzrə iki əsas göstəricinin müqayisəsi açıq-aşkar Azərbaycanın xeyrinə deyil. Xaricdə istirahət etməyə, səhhətini düzəltməyə, təəssüratlar qazanmağa üstünlük verən azərbaycanlıların sayı Bakıya və ölkənin regionlarına gələn əcnəbilərin sayından 30%-dən çox təşkil edir.

Hələlik Turizm və Mədəniyyət Nazirliyinin bu sahədə mənfi saldo ilə mübarizə üçün hansı tədbirləri görmək niyyətində olduğu məlum deyil.
İqtisadçı Fikrət Məmmədovun fikrincə, Azərbaycana gələnlər ilk növbədə turizm məhsullarının qıtlığı, ikincisi isə, turistlərə xidmət prosesində iştirak edənlərin hamısının onları “soymaq”, “dolamaq” istəyi ilə üzləşirlər.

“Bu, turizm ölkəsi olmaq istəyən qonaqpərvər ölkənin nümayiş etdirməli olduğu davranış deyil. Hazırki şəraitdə əsas problem dövlətin “lazımi qədər qazanmamasında” deyil, problem özəl sektorda, korrupsiyadadır. Bu özbaşınalıq davam edərsə, o, Azərbaycana marağı məhv edəcək”, deyə Məmmədov qeyd edib.

Ekspertlərin və iqtisadçıların şərhlərinə yekun vuraraq, belə bir nəticəyə gəlmək olar ki, sadalanan problemlərin kökündə turizm sənayesinin inhisarlaşması durur. Bazar orta sahibkarları buraya buraxmayan bir neçə oliqarx arasında bölünüb. Süründürməçilik, məmurların hər bir arayış və imza üçün rüşvət tələb etməsi bu sahədə sahibkarlığın inkişafı yolunda dəfolunmaz maneələrə çevrilir. Buna görə sağlam rəqabət, düşünülmüş qiymət siyasəti haqqında danışmağa dəyməz. Belədirsə, vətəndaşlarımız istirahət üçün hər cəhətdən özlərini rahat hiss etdikləri qonşu ölkələrə gedəcəklər.

Daha çox göstər
Back to top button